“Past”: Ermənistan növbəti kapitulyasiyanın rəsmiləşdirilməsinə gedir

2026/03/1773688082.jpg
Oxunub: 523     08:41     20 İyun 2026    
“Azərbaycan parlamenti sədrinin müavini Ziyafət Əsgərovun Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmaq hüququ ilə bağlı bəyanatı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki qeyri-bərabərliyi bir daha nümayiş etdirir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Birtərəfli güzəştlər gündəliyi və rəsmi İrəvanın susqunluq siyasəti” sərlövhəli məqaləsində yazıb.

Nəşrə görə, daha narahatedici məqam Ermənistan hakimiyyətinin bu məsələdə tutduğu mövqedir.

“Bu vəziyyətdə ən çox narahatlıq doğuran amil Ermənistan hakimiyyətinin passiv, ehtiyatlı və dövlət maraqlarını ikinci plana keçirən davranışıdır. Halbuki həmin hakimiyyət daxili siyasi müstəvidə tamamilə fərqli ritorika nümayiş etdirir.

Azərbaycan tərəfindən səsləndirilən bu tezislərə adekvat və sərt diplomatik cavab vermək əvəzinə, Ermənistan rəhbərliyi belə bir problemin ümumiyyətlə mövcud olmadığını göstərməyə çalışır”, - deyə məqalədə qeyd olunub.

Nəşr hesab edir ki, Ermənistan tərəfi Azərbaycanın bir çox tələblərini qəbul etməyə hazır görünür.

“Bu, sərhədlərin delimitasiyası ilə bağlı birtərəfli prinsiplərdən tutmuş ölkənin əsas qanununun dəyişdirilməsinə qədər müxtəlif məsələlərdə özünü göstərir”, - deyə nəşr vurğulayıb.

Məqalədə iddia olunur ki, daxili auditoriya qarşısında sərt çıxışlar edən hakimiyyət xarici siyasətdə eyni davranışı nümayiş etdirmir.

“Daxildə aqressiv ritorika, yüksək tonlu çıxışlar və sərt bəyanatlar səsləndirən hakimiyyət xarici istiqamətdə ən sadə və məntiqli sualları belə qaldırmağa qadir deyil”, - deyə məqalədə sual olunur.

Nəşr ayrıca Qarabağ məsələsində rəsmi İrəvanın siyasətini də tənqid edib.

“Bu mənzərə fonunda Ermənistan hakimiyyətinin Qarabağ məsələsində seçdiyi tam geriçəkilmə siyasəti xüsusi tənqidə layiqdir. Rəsmi İrəvan ermənilərin Qarabağa kollektiv və təhlükəsiz qayıdışı məsələsini beynəlxalq platformalarda qaldırmağa nəinki cəhd etmir, hətta bundan açıq şəkildə yayınır”, - deyə nəşr qeyd edib.

“Ermənistan diplomatiyası yalnız güzəşt edən və Azərbaycanın tələblərini əsaslandıran tərəf rolunda çıxış etdikcə, istənilən kağız üzərindəki razılaşma sülh deyil, sadəcə Ermənistanın növbəti kapitulyasiyasını rəsmiləşdirəcək”, - deyə nəşr yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin