INTEC Ukraynanın “Raybird” PUA-sını Almaniya ordusu üçün uyğunlaşdırır

2026/06/bhnbv-1781601059.jpg
Oxunub: 183     13:11     16 İyun 2026    
Almaniyanın INTEC şirkəti ilə Ukraynanın “Skyeton” şirkəti Avropa orduları üçün insansız sistemlərin hazırlanması sahəsində əməkdaşlıq edəcək.

Ordu.az xəbər verir ki, tərəflər arasında niyyət məktubu Berlində keçirilən ILA sərgisi çərçivəsində imzalanıb.

Sənədi Ukraynanın “Skyeton” şirkətinin Avropa bölməsi olan “Skyeton Germany GmbH” imzalayıb.

Razılaşmanın məqsədi Almaniya Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadəyə hazır insansız sistemlərin təchizatını təmin etməkdir.

Əməkdaşlıq INTEC-in mühəndislik təcrübəsini, sistem inteqrasiyası sahəsində biliklərini və inteqrasiya olunmuş logistika dəstəyi imkanlarını “Skyeton”un döyüş şəraitində sınaqdan çıxmış insansız aviasiya həlləri ilə birləşdirir.

Tərəfdaşlığın əsas diqqət mərkəzində uzunmüddətli kəşfiyyat missiyaları üçün nəzərdə tutulmuş kiçik taktiki pilotsuz uçuş aparatı olan “Raybird” sistemi dayanır. “Raybird” sistemi artıq 350 mindən çox saat döyüş fəaliyyəti həyata keçirib və Ukraynada öz effektivliyini sübut edib.

INTEC şirkətinin baş direktoru Kristof Otten bildirib ki, “Skyeton” ilə tərəfdaşlıq real döyüş şəraitində özünü doğrultmuş texnologiyalara çıxış imkanı yaradır. Onun sözlərinə görə, bu həllər təhlükəsizlik və müdafiə sahəsində mövcud və gələcək çağırışlara cavab olaraq Almaniya bazarına təqdim edilir.

INTEC konseptual layihələndirmədən və mühəndislik işlərindən başlayaraq sistem inteqrasiyasına, eləcə də hava, quru, dəniz və kiberməkanda əməliyyat dəstəyinə qədər tam həyat dövrünü əhatə edən həllər təqdim edir.

Şirkət həmçinin xərcləri azaltmaq və səmərəliliyi artırmaq məqsədilə müasir süni zəka modullarından istifadə edir.

“Biz INTEC-in təcrübəsini və Almaniyanın müdafiə mühitini dərindən bilməsini yüksək qiymətləndiririk. Əminik ki, bu əməkdaşlıq “Raybird” sisteminin özünü sübut etmiş imkanlarını Almaniya bazarında düzgün şəkildə nümayiş etdirməyə kömək edəcək”, - deyə “Skyeton Germany” şirkətindən bildirilib.

Bu il “Raybird” platformasına peyk rabitəsi inteqrasiya olunub ki, bu da kəşfiyyatın dərinliyini artırıb.

Məlumata görə, sistemin maksimal uçuş məsafəsi 2500 kilometrdən çoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: INTEC   Ukrayna   Raybird   PUA  


Bizi "telegram"da izləyin