“Past”: Ermənistanda özünü məhv edəcək diktatura qurulub

2026/06/1781243320.jpg
Oxunub: 288     09:49     12 İyun 2026    
Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan Ermənistanda keçirilən seçkilərin nəticələrini tanımadığını və ölkədə siyasi mübarizəni davam etdirəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Ermənistanda özünü məhv edəcək diktatura qurulub” başlıqlı məqaləsində yazıb.

Karapetyan qəzetə müsahibəsində bildirib ki, seçkilərin nəticələri vətəndaşların real iradəsini əks etdirmir və buna görə də onları qəbul etmir.

Onun sözlərinə görə, ölkədə baş verən siyasi proseslər hələ başa çatmayıb və yaxın dövrdə hadisələr sürətlə və gözlənilməz istiqamətdə inkişaf edə bilər.

Erməni general-mayor qeyd edib ki, mövcud siyasi şəraitin tələb etdiyi istənilən mübarizə formasına hazırdır.

“Cəmiyyətin geniş təbəqələri seçki dövründə baş vermiş prosesləri görür və anlayır”, - deyə o bildirib.

Karapetyan seçkilərdən sonra Nikol Paşinyanın çıxışını da kəskin tənqid edib.

“Həmin çıxışda dövlət əhəmiyyətli həll yolları və cəmiyyəti birləşdirən çağırışlar yer almayıb, əvəzində təhdidlər və müxaliflərə qarşı sərt tədbirlərdən bəhs olunub”, - deyə Karapetyan qeyd edib.

Müsahibədə vurğulanır ki, hakimiyyət getdikcə daha çox hüquq-mühafizə orqanlarına söykənir və bu sistemi siyasi məqsədlər üçün istifadə edir.

Karapetyan xəbərdarlıq edib ki, belə yanaşma təkcə siyasi mühit üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəli nəticələr doğura bilər.

O, həmçinin ötən əsrin repressiyalarını xatırladaraq bildirib ki, bu cür sistemlər adətən yalnız siyasi rəqiblərlə məhdudlaşmır və zaman keçdikcə daha geniş ictimai təbəqələri də hədəfə alır.

Karapetyan Ermənistanda diktaturanın formalaşdığını qeyd edərək bunun sonda özünü məhv edəcəyini bildirib.

“Təhdid və təzyiqlər üzərində qurulan istənilən sistem gec-tez yaratdığı problemlərlə üzləşir və yaşamaq qabiliyyətini itirir”, - deyə sabiq erməni nazir vurğulayıb.

Karapetyan vətəndaşları həmrəy olmağa, ictimai həyatda fəal iştirak etməyə və ölkədə parçalanmanın dərinləşməsinə imkan verməməyə çağırıb. O vurğulayıb ki, Ermənistanın gələcəyi cəmiyyətin birliyindən, siyasi məsuliyyətdən və dövlət maraqlarının üstün tutulmasından asılıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin