“Koyuncu Savunma” yeni məhsulu üçün patent müraciəti edib - VİDEO
Oxunub: 286
23:04
11 İyun 2026
“Koyuncu Savunma” şirkəti yeni modul tipli ağıllı sursat anbarı layihəsi üzrə patent müraciəti etdiyini açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Fatih Koyuncu İstanbulda keçirilən SAHA EXPO 2026 sərgisində danışıb.
Koyuncu bildirib ki, şirkətin hazırladığı ağıllı sursat anbarı məhsulu təxminən on ildir müxtəlif müdafiə qurumlarına təqdim olunur. Onun sözlərinə görə, istifadəçilərdən alınan rəylər əsasında məhsulun inkişafı davam etdirilir.
“Məhsul xarici ölkələrdə də maraqla qarşılanır və sərgi ixrac baxımından yeni imkanlar yaradıb. Stendi ziyarət edən nümayəndələr məhsulu gördükdən sonra ona ehtiyac duyduqlarını anlayırlar”, - deyə o qeyd edib.
Fatih Koyuncu hazırda üzərində işlədikləri yeni məhsul barədə də məlumat verib. O bildirib ki, patent müraciəti edilmiş yeni sistem hələ patent prosesi tamamlanmadığı üçün sərgidə nümayiş etdirilməyib.
Koyuncunun sözlərinə görə, məhsul Hərbi Dəniz Qüvvələri ilə birlikdə istifadə olunacaq və müharibə şəraitində ölkənin maraqlarının qorunmasına xidmət edəcək.
“Yeni məhsulun 2027-ci ildə keçiriləcək IDEF sərgisinə qədər hazır vəziyyətə gətirilməsi planlaşdırılır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, IDEF 2027 sərgisi 2027-ci il mayın 3-dən 9-dək İstanbul Sərgi Mərkəzində keçiriləcək.