Overçuk: “Ermənistanın Aİ-yə inteqrasiyası ilə bağlı yaranmış hüquqi vəziyyətə işgüzar yanaşmaq lazımdır”

2026/06/1780643133.jpg
Oxunub: 250     10:59     05 İyun 2026    
“Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar nəticəsində yaranan hüquqi vəziyyət iş prosesinin bir hissəsidir və buna sakit, peşəkar yanaşmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinin hazırkı hüquqi bazasında hər hansı üzv dövlətin təşkilatdan çıxarılması və ya onun fəaliyyətinin dayandırılması ilə bağlı mexanizmlər nəzərdə tutulmayıb.

“Əgər Avrasiya İqtisadi Birliyinin hüququndan danışırıqsa, bu gün orada hansısa dövlətin təşkilatdan çıxarılması və ya iştirakının dayandırılması ilə bağlı müddəalar yoxdur. Bu məsələ sırf hüquqi baxımdan araşdırılmalıdır. Hazırda müəyyən hüquqi kolliziya ilə üzləşmişik və bu məsələ müzakirə edilməlidir”, - deyə Overçuk bildirib.

Rusiyalı rəsmi qeyd edib ki, yaranmış vəziyyətə emosional deyil, işgüzar yanaşmaq lazımdır.

“Buna çox sakit yanaşmaq lazımdır və biz də sakit şəkildə işləyəcəyik. Düşünürəm ki, erməni tərəfi də bu prosesdə iştirak edəcək. Çünki onlar da Avrasiya İqtisadi Birliyinin üzvü kimi başa düşürlər ki, təşkilatın hüquqi bazasında müəyyən boşluqlar mövcuddur və həmin boşluqların doldurulmasına ehtiyac var. Bu, tamamilə normal iş prosesidir”, - deyə o vurğulayıb.

Bununla yanaşı, Overçuk Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunun Moskvada ciddi narahatlıq yaratdığını da gizlətməyib.

“Bizi ən çox narahat edən məhz bu avrointeqrasiya istiqamətindəki hərəkətdir. Hesab edirik ki, bu proses potensial olaraq həm Ermənistanın özünə, həm Avrasiya İqtisadi Birliyinə, həm də ölkələrimizin biznes dairələrinə zərər verə bilər. Bu gün biznes strukturları qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərirlər və əsas sual budur ki, bundan sonra nə etmək lazımdır. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Bu işgüzar vəziyyətdir və ona işgüzar yanaşmaq lazımdır”, - deyə Rusiyanın baş nazir müavini əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan    


Bizi "telegram"da izləyin