“The Guardian”: Trampın Sülh Şurası həbslər və məhkəmə təqibləri ilə bağlı toxunulmazlıq əldə etməyə çalışır

2026/04/1776768958.jpg
Oxunub: 222     20:53     27 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə bu ilin əvvəlində Qəzza zolağının idarə olunması məqsədilə yaradılmış Sülh Şurası özünə geniş hüquqi toxunulmazlıq verilməsini nəzərdə tutan qərar layihəsi hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti sərəncamında olan qərar layihəsinə istinadən məlumat yayıb.

Sənəd, həmçinin təşkilata Qəzzada yerləşən dövlət əmlakını ödənişsiz istifadə hüququnun verilməsini də nəzərdə tutur.

“Yalnız xidməti istifadə üçün” qeydi ilə hazırlanan, lakin məxfilik qrifi olmayan dörd səhifəlik qərar layihəsində Sülh Şurasının bütün üzvlərinə, onun inzibati strukturu olan Ali Nümayəndənin Ofisinə (OHR), eləcə də Qəzzada fəaliyyət göstərəcək fələstinli texnokratlara, beynəlxalq hərbi qüvvələrə və xarici podratçılara geniş hüquqi toxunulmazlıq verilməsi nəzərdə tutulur.

Sənədə əsasən, onlar cinayət təqibinin istənilən formasından, o cümlədən Qəzza məhkəmələri və digər orqanlar tərəfindən həbs, saxlanılma və məhkəmə araşdırmalarından azad ediləcəklər. Lakin bu toxunulmazlığın yalnız Qəzza ərazisinə, yoxsa beynəlxalq məhkəmə instansiyalarına da şamil olunacağı dəqiqləşdirilmir.

Qərar layihəsinə görə, Sülh Şurasının sədri Donald Tramp Şuranın üzvlərinin əksəriyyətinin dəstəyi ilə istənilən iştirakçının hüquqi toxunulmazlığını ləğv etmək səlahiyyəti əldə edir. Sənəd 2026-cı ilin iyun tarixi ilə qeyd olunub.

Sülh Şurasının İcraiyyə Şurası yeddi üzvdən ibarətdir. Trampdan başqa, onun kürəkəni Cared Kuşner, xüsusi nümayəndə Stiv Uitkof, Ağ Evin aparat rəhbəri Suzi Uayls, dövlət katibi və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio da şuranın üzvləridir.

Bir sıra dövlətlərin Qəzzanın bərpası üçün milyardlarla dollar ayıracağına dair vədlərinə baxmayaraq, həmin vəsaitlərin böyük hissəsi hələ köçürülməyib və iri müqavilələr bağlanmayıb. Təşkilatın nümayəndəsi belə bir toxunulmazlıq mexanizminin mövcudluğu barədə iddiaları təkzib edib.

“Suallarınızda təsvir olunan tipdə nə qüvvədə olan qərar, nə də toxunulmazlıq mexanizmi mövcuddur. Bu prosesin qanunsuzluq və ya cəzasızlıq yaratmaq məqsədi daşıdığı barədə iddialar yanlışdır, ictimaiyyəti çaşdırır və məsələnin mahiyyətini tamamilə təhrif edir”, - deyə bəyanatda bildirilib.

Nümayəndə əlavə edib ki, ABŞ Prezidentinin Qəzzada toxunulmazlıq vermək və ya onu ləğv etmək hüququna malik olması barədə iddialar “tamamilə yalandır”. Onun sözlərinə görə, Şura bütün əməkdaşların, podratçıların və tərəfdaş təşkilatların qanunvericiliyə riayət etməsini təmin edəcək, lakin nəzarət və hesabatlılıq mexanizmləri açıqlanmayıb.

Qəzza üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov hazırda Qahirədə Qəzzanın gələcək idarəçiliyi üçün seçilmiş fələstinli administratorlarla görüşlər keçirir. “The Guardian”ın mənbəsinə görə, idarəetmə modelinin təkmilləşdirilməsi müzakirə olunur, lakin RESOLUTION No 2026/3 adlı qərar layihəsi hələ Fələstin tərəfinə təqdim edilməyib.

ABŞ müqavilə hüququ və beynəlxalq humanitar hüquq üzrə ixtisaslaşmış altı hüquqşünas qəzetin xahişi ilə sənədlə tanış olub. Onların fikrincə, qərar qüvvəyə minərsə, Sülh Şurasının rəsmilərinin, hərbçilərinin və podratçılarının mülki şəxslərin ölümü, əmlaka zərər vurulması və digər hadisələrə görə hansı qaydada məsuliyyət daşıyacağı aydın olmayacaq.

Hüquqşünasların xüsusi narahatlığına səbəb olan məqamlardan biri də “Üçüncü şəxslər qarşısında məsuliyyət” bölməsidir. Həmin müddəaya əsasən, Sülh Şurasının fəaliyyəti nəticəsində dəymiş maddi zərər, xəsarət, xəstəlik və ya ölümlə bağlı bütün iddialara elə Şuranın özü baxacaq.

“Bu, Şuranı və onun bütün əməkdaşlarını qanun pozuntularına görə məsuliyyətdən azad etmək cəhdi təsiri bağışlayır”, - deyə beynəlxalq humanitar hüquq üzrə ekspert Emili Şefer Omer-Man bildirib.

Rutgers Universitetinin beynəlxalq hüquq professoru Nura Erakat isə qeyd edib ki, sənəd faktiki olaraq ayrıca hüquq sistemi yaradır.

“Onlar əslində bildirirlər ki, işğalla bağlı beynəlxalq hüquq normaları da daxil olmaqla, heç bir xarici hüquqi nəzarət olmayacaq. Onlar öz hüquq sistemlərini yaradırlar”, - deyə o vurğulayıb.

Nəşrin məlumatına görə, Qəzzada fəaliyyət göstərmək istəyən podratçılar da daha aydın hüquqi təminatlar əldə etməyə çalışırlar. Sülh Şurası artıq dağıntıların təmizlənməsi, təhlükəsizliyin təmin olunması və Qəzzanın genişmiqyaslı bərpası üzrə müraciətlər qəbul edir. Cared Kuşner daha əvvəl Qəzzanın lüks kurortlar, yüksək texnologiyalar şəhərləri və regional biznes mərkəzlərinə çevrilməsi planlarından danışmışdı.

Qərar layihəsinin ayrıca bölməsində göstərilir ki, Sülh Şurasına, Ali Nümayəndənin Ofisinə və beynəlxalq təhlükəsizlik qüvvələrinə Qəzzada missiyalarını yerinə yetirmək üçün zəruri olan dövlət binaları və obyektləri ödənişsiz veriləcək.

Hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu müddəa fələstinlilərin əmlakının müsadirəsinə yol aça bilər. Sənəddə həmin obyektləri kimin, İsrailin, HƏMAS-ın, yoxsa Fələstin Administrasiyasının təqdim etməli olduğu və bunun hansı şərtlərlə həyata keçiriləcəyi göstərilmir.

Podratçıların sözlərinə görə, Sülh Şurası beynəlxalq qüvvələr üçün baza və Qəzzadakı əməliyyatları təmin edəcək logistika mərkəzləri yaratmağı planlaşdırır. Beynəlxalq kontingentin Tramp administrasiyasının sülh planının əsas bəndlərindən biri olan HƏMAS-ın tərksilahına dəstək məqsədilə istifadə olunması nəzərdə tutulur. İsrail isə daha əvvəl HƏMAS silahı təhvil verməyənədək atəşkəs razılaşmasının növbəti mərhələlərini icra etməyəcəyini bəyan etmişdi.

“Dawn” hüquq müdafiə təşkilatının icraçı direktoru Ömər Şakir hesab edir ki, layihənin müddəaları ciddi suallar doğurur.

“Fələstin torpaqlarını, əmlakını və binalarını razılıq, kompensasiya və ya şikayət hüququ olmadan öz istifadəsi üçün götürmək səlahiyyətini birtərəfli qaydada elan etməklə Sülh Şurası faktiki olaraq İsrailin tətbiq etdiyi metodlardan istifadə edir. “Soyqırımı”, aparteid və işğala son qoyulması əvəzinə, bu sənəd onların ən mübahisəli xüsusiyyətlərini möhkəmləndirə bilər”, - deyə o bildirib.

Hüquqşünaslar, həmçinin qeyd edirlər ki, Sülh Şurasının ümumiyyətlə belə səlahiyyətləri hansı hüquqi əsasla həyata keçirəcəyi hələ də aydın deyil.

BMT Təhlükəsizlik Şurası Sülh Şurasına 2027-ci il dekabrın 31-dək Qəzza zolağını idarə etmək səlahiyyəti verib. Bununla belə, BMT Nizamnaməsi yalnız diplomatlara və təşkilatın öz strukturlarına müəyyən toxunulmazlıq təmin edir. Ekspertlər bildirirlər ki, Sülh Şurasının eyni təminatları öz əməkdaşlarına şamil edib-etməyəcəyi hələ də məlum deyil.

Layihəyə əsasən, qərar Nikolay Mladenov tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bununla yanaşı, Sülh Şurası ali nümayəndədən başqa sənədi daha kimin imzalayacağı ilə bağlı suala cavab verməyib.

“Əgər sənədi yalnız Şuranın özü imzalayacaqsa, onun hüquqi qüvvəsi nə dərəcədə olacaq?”, - deyə Ömər Şakir sual edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Sülh-Şurası   Qəzza  


Bizi "telegram"da izləyin