“Axios”: Tramp G7 sammitində “Ankoric razılaşmaları”ndan imtina edə biləcəyinə işarə edib

2026/05/1778482583.jpg
Oxunub: 212     20:44     27 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna hazırda Rusiya ilə müharibədə “həqiqətən də kifayət qədər yaxşı müqavimət göstərir”.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp “Böyük yeddilik” (G7) sammiti zamanı Vladimir Putinin mövqeyindən narazılığını ifadə edib və ABŞ-nin sülh sazişi bağlanacağı halda Donbasın Rusiyanın nəzarətində qalmasını nəzərdə tutan “Ankoric razılaşmaları”ndan imtina edə biləcəyinə işarə vurub.

Sammitdə iştirak edən iki mənbənin sözlərinə görə, Tramp Putin barədə skeptik fikirlər səsləndirib və Moskvaya təzyiqin artırılması imkanlarından danışıb.

Bununla yanaşı, nəşrin həmsöhbətləri sammit iştirakçılarının Trampın bu bəyanatlarının konkret addımlarla nəticələnəcəyinə şübhə ilə yanaşdıqlarını bildiriblər.

Bu fonda Ukrayna Rusiya ərazisinə uzaqmənzilli Pilotsuz Uçuş Aparatı (PUA) zərbələrini əhəmiyyətli dərəcədə artırıb. Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanı sülh sazişi imzalamağa məcbur etmək məqsədi daşıyan “40 günlük təsir əməliyyatı”na start verildiyini açıqlayıb.

Öz növbəsində, Vladimir Putin Rusiyanın öz şərtləri əsasında sülh danışıqlarına hazır olduğunu bildirib. O etiraf edib ki, Ukraynanın PUA hücumları müəyyən zərər vurur, lakin onların Rusiya cəmiyyətini sabitsizləşdirə bilməyəcəyini vurğulayıb.

“Axios”un qiymətləndirməsinə görə, mürəkkəbləşməkdə davam edən Ukrayna PUA kampaniyası artıq bir sıra neft emalı müəssisələrini sıradan çıxarıb, Rusiya qoşunlarının logistikasını pozub və müharibənin dörd ili ərzində ilk dəfə olaraq Rusiyanın bir çox sakinini müharibənin nəticələrini birbaşa hiss etməyə məcbur edib.

Hücumların nəticələri xüsusilə işğal altında olan Krımda hiss olunur. Yerli hakimiyyət yanacaq satışını dayandırıb və fövqəladə vəziyyət elan edib. Ukrayna yarımadanı Rusiya ilə birləşdirən enerji və nəqliyyat infrastrukturuna da zərbələr endirir.

Bununla belə, nəşr qeyd edir ki, yeni PUA kampaniyasının sülh danışıqlarını sürətləndirib-sürətləndirməyəcəyi hələlik məlum deyil. Bəzi analitiklər Moskvaya təzyiqin artdığını düşünsələr də, digərləri bu hücumların Rusiyada müharibənin davam etdirilməsi tərəfdarlarının mövqeyini daha da gücləndirəcəyini hesab edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   G7  


Bizi "telegram"da izləyin