Ordu.az xəbər verir ki, bu barədə “Kathimerini” məlumat yayıb.
AHI prezidenti Nik Lariqakis Trampa ünvanladığı məktubda ABŞ administrasiyasının Türkiyənin KAAN beşinci nəsil döyüş təyyarəsi proqramı üçün dəyəri 700 milyon dollardan çox olan “GE Aerospace” istehsalı F110 mühərriklərinin satışını Konqresə rəsmi şəkildə təqdim etməsindən ciddi narahat olduqlarını bildirib.
1974-cü ildə yaradılan Amerika Helen İnstitutu ABŞ-nin Yunanıstan, Kipr Respublikası, Şərqi Aralıq dənizi və Cənubi Avropa ilə bağlı maraqlarını müdafiə edən analitik və lobbi təşkilatıdır.
Məktubda həmçinin ABŞ administrasiyasının Türkiyənin gələcəkdə F-35 “Lightning II” təyyarələri əldə etməsinə imkan yarada biləcək hüquqi mexanizmləri nəzərdən keçirməsi ilə bağlı xəbərlərdən narahatlıq ifadə olunub.
Lariqakis xatırladıb ki, Donald Trampın ilk prezidentliyi dövründə Türkiyənin S-400 hava hücumundan müdafiə sistemini almasına görə Türkiyə Müdafiə Sənayesi Komitəsinə CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq edilmişdi.
Onun sözlərinə görə, həmin qərar düzgün addım idi və administrasiya bu siyasəti davam etdirməlidir.
Məktubda qeyd olunur ki, sanksiyalara səbəb olan şərtlər dəyişməyib. Türkiyə hələ də S-400 sistemlərinə malikdir və ABŞ-nin hüquqi, eləcə də milli təhlükəsizlik narahatlıqları aradan qalxmayıb.
AHI administrasiyanı sanksiyaları və onların hüquqi əsaslarını zəiflədə biləcək siyasətdən çəkinməyə çağırıb. Təşkilat həmçinin Konqresin rolunun nəzərə alınmadığını iddia edib.
Lariqakis bildirib ki, administrasiya müdafiə satışını Konqresə təqdim etsə də, Konqres rəhbərliyinin etirazlarını və böyük silah satışları üzrə formalaşmış məsləhətləşmə mexanizmini tam nəzərə almadan prosesi davam etdirir.
Məktubda Konqresin konstitusion nəzarət səlahiyyətlərinin ABŞ xarici siyasəti və milli təhlükəsizliyi baxımından əsas təminatlardan biri olduğu vurğulanıb. AHI Türkiyənin uzun illər ərzindəki siyasətinin onu etibarlı NATO müttəfiqi kimi qiymətləndirməyə imkan vermədiyini iddia edib.
Məktubda Ankaranın Şimali Kiprdəki fəaliyyəti, Egey dənizi ilə bağlı Yunanıstanın irəli sürdüyü iddialar, Rusiya ilə müdafiə əlaqələri, HƏMAS-la münasibətləri və Ekumenik Patriarxlığa münasibəti ABŞ qanunları və beynəlxalq hüququn pozulması kimi təqdim olunub.
Təşkilat hesab edir ki, belə davranışın müdafiə əməkdaşlığının genişləndirilməsi ilə mükafatlandırılması ABŞ-nin həm müttəfiqlərinə, həm də rəqiblərinə yanlış mesaj verəcək.
Məktubun sonunda Donald Tramp administrasiyası Türkiyə ilə bağlı hazırkı siyasəti dəyişməyə, Konqresin konstitusion səlahiyyətlərinə hörmət etməyə, F110 mühərriklərinin satışını dayandırmağa və Türkiyə ABŞ qanunvericiliyində nəzərdə tutulan bütün hüquqi və milli təhlükəsizlik tələblərini yerinə yetirməyənədək F-35 “Lightning II” döyüş təyyarələrinin satışına icazə verməməyə çağırılıb.
Sevinc Əliyeva
Ordu.az