Polşa MQ-35 V-BAT PUA-ları tədarük edəcək

2026/06/Ekran-1782547969.jpg
Oxunub: 179     12:11     27 İyun 2026    
Polşa ABŞ-nin “Shield AI” şirkəti ilə MQ-35 V-BAT Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü üzrə strateji razılıq əldə edib.

Ordu.az xəbər verir ki, Polşa Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan layihənin ümumi dəyəri 16 milyon dollar təşkil edir və sistemlərin təhvilinə bu ilin sonuna doğru başlanılması planlaşdırılır.

Hələlik PUA-ların hansı gəmilərdə yerləşdiriləcəyi açıqlanmasa da, texniki və infrastruktur hazırlıqları başa çatdıqdan sonra onların qısa müddətdə silahlanmaya qəbul ediləcəyi bildirilib.

MQ-35 V-BAT PUA-ları ölkə təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyan obyektlərin mühafizəsində istifadə olunacaq və ilk növbədə fasiləsiz rabitə şəbəkələrinin davamlılığını təmin edəcək.

Qabaqcıl kəşfiyyat və müşahidə (ISR) imkanlarına malik platformalar dəniz qüvvələrinin və sahil zonalarının izlənməsi, şübhəli fəaliyyətlərin aşkar edilməsi və kəşfiyyat məlumatlarının toplanmasında mühüm rol oynayacaq.

“Shield AI” şirkətinin prezidenti Rayan Tsenq bildirib ki, MQ-35 V-BAT xüsusilə rabitə və GPS siqnallarının kəsildiyi və ya radioelektron mübarizə vasitələri ilə bloklandığı şəraitdə Ukraynada və digər bölgələrdə öz imkanlarını praktiki olaraq sübut edib.

Onun sözlərinə görə, Baltik dənizində enerji və rabitə infrastrukturuna qarşı təhlükələrin artdığı şəraitdə istənilən hava və dəniz vəziyyətində işləyə bilən etibarlı sensor platformalarına ehtiyac var və V-BAT bu tələblərə tam cavab verir.

Şirkət rəhbəri vurğulayıb ki, sistem Polşa, Baltik ölkələri və bütövlükdə NATO üçün mühüm “qüvvə artırıcısı” rolunu oynayır. Gəmi göyərtələri kimi məhdud sahələrdə istifadə üçün hazırlanmış V-BAT şaquli enmə və qalxma (VTOL) qabiliyyəti sayəsində uçuş zolağına ehtiyac duymur.

Sistem radioelektron mübarizə və siqnal maneələrinə qarşı yüksək dayanıqlığa malikdir, GPS siqnallarının zəif və ya bloklandığı ərazilərdə belə fəaliyyət göstərə bilir. Müəyyən intervallarla tezliyi dəyişdirərək maneələrin təsirini azaldan PUA radar əvəzinə qabaqcıl optik sensorlardan və süni zəka əsaslı ViDAR (Visual Detection and Ranging) görüntüləmə sistemindən istifadə edir.

Bundan əlavə, platforma passiv sensorlarla təchiz olunduğundan aktiv siqnal yaymadan ətraf mühiti analiz edir və bununla da düşmən radarları tərəfindən aşkarlanma ehtimalını minimuma endirir.

Kompakt konstruksiyaya malik V-BAT ölçülərinə görə UH-60 “Black Hawk” helikopteri kimi platformalarla daşına bilir. Sistem hərəkətdə olan gəmilərdə 10 düyün sürətlə enmə və qalxma həyata keçirə, 25 düyünədək külək sürətində tapşırıqları yerinə yetirə bilir.

İki nəfərlik heyət tərəfindən qısa müddətdə hazırlanaraq istifadəyə verilən PUA dam örtükləri və şəhər mühitində yerləşən məhdud sahələrdə də yüksək effektivlik nümayiş etdirir.

Ukrayna-Rusiya müharibəsində radioelektron mübarizə və siqnal maneələrinə qarşı effektivliyini sübut edən V-BAT hazırda ABŞ Sahil Mühafizəsi və Dəniz Piyada Korpusu tərəfindən də istifadə olunur. Platforma Qara dəniz, Karib hövzəsi və Yaxın Şərqdə kəşfiyyat və müşahidə tapşırıqlarını icra edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   MQ-35   V-BAT   PUA  


Bizi "telegram"da izləyin