Ordu.az xəbər verir ki, sözügedən sistem Rusiyaya məxsus pilotsuz uçuş aparatı tərəfindən qeydə alınmış görüntülərdə aşkarlanıb.
Kadrlar “Severnıy Veter” “Telegram” kanalı tərəfindən yayımlanıb. ABŞ-nin “Sierra Nevada Corp” şirkəti bu sistemi ilk dəfə 2025-ci il sentyabrında keçirilən “Air, Space & Cyber Conference” çərçivəsində təqdim etmişdi.
MAAWLR/BRAWLR modulyar konstruksiyaya malikdir və həm stasionar, həm də pikap avtomobilləri və qoşqular daxil olmaqla mobil platformalarda yerləşdirilə bilir. Mobil versiya MAAWLR, stasionar konfiqurasiya isə BRAWLR adlandırılır.
Sistemin tam yerləşdirmə paketinə buraxılış qurğusu, sistemin inteqrasiyası üçün uyğunlaşdırılmış pikap avtomobili, raket ehtiyatı və yerüstü radar stansiyası daxildir. MAAWLR/BRAWLR AIM-9M, AIM-132, AIM-120, IRIS-T, R-27 və APKWS II daxil olmaqla geniş sursat çeşidindən istifadə edə bilir.
Sistem maksimum 46 ədəd APKWS raketi daşıya bilir və hədəfləri 6 kilometrədək məsafədə məhv etmək imkanına malikdir. İstifadə olunan sursatdan asılı olaraq hava hədəflərinə qarşı nişanalma məsafəsi 6-15 kilometr arasında dəyişir.
Ötən il açıqlanan məlumatlara görə, “Sierra Nevada” şirkətinin MAAWLR/BRAWLR sistemləri adı açıqlanmayan istifadəçi tərəfindən 2023-cü ildən etibarən 400-dən çox hava hədəfinin vurulmasında istifadə olunub.
“Sierra Nevada Corp” BRAWLR sistemlərinin hansı ölkələrə və ya sifarişçilərə satıldığını açıqlamasa da, indiyədək 20 sistemin təhvil verildiyini və əlavə 10 sistemin də göndərildiyini təsdiqləyib.
Şirkət bildirib ki, BRAWLR hazırlanarkən məqsəd müxtəlif istehsalçılara məxsus çoxsaylı buraxılış qurğularına ehtiyacı azaltmaq və yüksək uyğunlaşma qabiliyyətinə malik vahid sistem yaratmaq olub.
“Sierra Nevada Corp”un açıqlamasında qeyd olunub ki, “Sistem hava təhdidlərini müstəqil şəkildə aşkarlamaq, izləmək, müəyyənləşdirmək və məhv etmək imkanına malik olmaqla yanaşı, mövcud sistemlərin mənzilini və kinetik nişanalma imkanlarını artıraraq onları dəstəkləyə bilir”.
Sevinc Əliyeva
Ordu.az