Con Bolton məxfi məlumatlarla ehtiyatsız davranmaq ittihamı üzrə təqsirini etiraf edib

2026/06/1782491589.jpg
Oxunub: 196     20:30     26 İyun 2026    
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton dövlət sirri təşkil edən məlumatlarla ehtiyatsız davranmaq ittihamı üzrə məhkəmədə təqsirini etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Merilend ştatının Qrinbelt şəhər məhkəməsinin məlumatına görə, Bolton istintaq orqanları ilə razılaşma əldə edib, ittiham epizodlarından birini qəbul edib və 2 milyon ABŞ dollarından artıq məbləğdə cərimə ödəməyə razılıq verib.

Keçmiş milli təhlükəsizlik müşavirini beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləsə də, məhkəmənin həbs cəzası təyin etməməsi ehtimalı da var.

Məlumata görə, bundan əvvəl Federal Təhqiqat Bürosu (FBI) Boltonun istifadəsində dövlət sirri hesab olunan sənədlər, o cümlədən kütləvi qırğın silahları, ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi və hökumətin strateji kommunikasiyaları ilə bağlı materiallar aşkar edib.

Axtarışlar Vaşinqtondakı ofisdə və onun evində aparılıb, kompüterlər və digər elektron avadanlıqlar götürülüb.

Con Bolton 2018-2019-cu illərdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. O, ABŞ xarici siyasətinin ən sərt mövqeli nümayəndələrindən biri kimi tanınır və dəfələrlə İrana qarşı sərt tədbirlərin görülməsinin tərəfdarı olub.

Vəzifədən ayrıldıqdan sonra Bolton Donald Trampın tənqidçilərindən birinə çevrilib və Ağ Evin fəaliyyəti ilə bağlı təfərrüatları açıqlayan xatirələrini dərc etdirərək geniş siyasi rezonans doğurub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   ABŞ  


Bizi "telegram"da izləyin