Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hələlik yekun qərar qəbul edilməyib. Lakin mümkün razılaşma baş tutarsa, Yaponiyada müharibədən sonrakı dövrdə yaradılmış ilk böyük avtomobil zavodlarından biri müdafiə sənayesi istehsal müəssisəsinə çevrilə bilər.
Yaponiya hökuməti Tayvan boğazında baş verə biləcək mümkün böhran və artan regional təhlükəsizlik riskləri səbəbindən müdafiə sənayesi istehsal imkanlarını artırmağa çalışır. “Anduril”in təşəbbüsü də bu strategiya ilə üst-üstə düşür.
Müdafiə sənayesi istehsalı üçün strateji obyekt
1961-ci ildə fəaliyyətə başlayan Oppama zavodu bu günədək təxminən 18 milyon avtomobil istehsal edib. “Nissan”ın ilk kütləvi istehsal olunan elektrik avtomobili olan “Leaf” modeli də bu müəssisədə istehsal olunub.
Şirkət ötən il açıqladığı yenidən strukturlaşma planı çərçivəsində zavodun 2028-ci ildə bağlanacağını və təxminən 2400 əməkdaşın Yaponiyadakı digər müəssisələrə köçürüləcəyini bildirmişdi.
Təxminən 1,7 milyon kvadratmetr sahəyə malik müəssisədə liman, sınaq meydançaları və tədqiqat infrastrukturu mövcuddur. Mənbələrin sözlərinə görə, “Anduril” mövcud işçilərin müdafiə sənayesi istehsalına uyğun şəkildə yenidən hazırlanmasını da təklif edib.
Satınalma üçün Yaponiya sifarişləri həlledici olacaq
Mənbələr bildiriblər ki, “Nissan” “Oppama” zavodu ilə bağlı başqa potensial alıcılarla da danışıqlar aparır.
“Anduril”in satınalma qərarı verməsi üçün isə Yaponiya Özünümüdafiə Qüvvələrindən kifayət qədər sifariş alması vacib hesab olunur. Tərəflərin hələlik hər hansı qiymət üzərində razılığa gəlmədiyi qeyd edilir.
“Nissan” məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Anduril” isə “Bazar spekulyasiyaları barədə şərh vermirik” açıqlamasını verərək Yaponiya ilə əməkdaşlığı davam etdirdiyini və yerli istehsalı gücləndirəcək imkanları dəyərləndirdiyini bildirib.
Artan müdafiə xərclərinə fokuslanır
“Oppama” zavodu Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin əsas bazalarından biri olan “Yokosuka” Dəniz Bazasının yaxınlığında yerləşir. Həmin baza eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin irəli yerləşdirilmiş aviadaşıyıcı zərbə qrupuna ev sahibliyi edir.
Yaponiyanın müdafiə naziri Şinciro Koizumi ötən ilin dekabrında “Anduril”in qurucusu Palmer Lakki ilə görüşmüş və “Yaponiyanın “Anduril”dən öyrənəcəyi çox şey var. Şirkətlə qurulacaq əməkdaşlıq müdafiə sənayemizin inkişafına töhfə verə bilər” demişdi.
Yapon komponentləri ilə PUA hazırlayıb
“Anduril” ötən il Yaponiyanın yerli istehsal tələblərini qarşılamaq məqsədilə tamamilə Yaponiyada istehsal olunmuş komponentlərdən istifadə edilərək hazırlanmış “Kizuna” adlı PUA prototipini təqdim edib.
Şirkət həmçinin Tayvan və Cənubi Koreyada fəaliyyət göstərərək Asiya-Sakit okean regionunda artan müdafiə xərclərindən pay almağı hədəfləyir.
Bu ay “Anduril” “General Atomics” ilə birlikdə ABŞ Hərbi Hava Qüvvələrinin CCA (Collaborative Combat Aircraft) proqramı çərçivəsində yarıavtonom döyüş təyyarələrinin seriyalı istehsalı üçün seçilən iki şirkətdən biri olub.
“Reuters”in məlumatına görə, mümkün razılaşma Yaponiya avtomobil sənayesinin simvol müəssisələrindən birinin hərbi istehsal mərkəzinə çevrilməsi anlamına gələ bilər. Bununla belə, satınalma prosesi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Sevinc Əliyeva
Ordu.az