Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Solçu senator İvan Sepeda seçkilərdə məğlubiyyətini qəbul etdiyini açıqlayıb və siyasi fikir ayrılıqlarının hörmət və dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
İlkin nəticələrə görə, Sepeda səslərin 48,7 faizini toplayaraq rəqibindən 1 faizdən az fərqlə geri qalıb.
Mərkəzi Seçki Qurumunun məlumatına əsasən, yekun nəticələr ilkin hesablamalardan cəmi 0,003 faiz fərqlənib.
Sepeda Boqotada jurnalistlərə açıqlamasında bildirib ki, demokratik məsuliyyət hissi ilə seçkinin nəticələrini qəbul edir.
“Mən bu prosesin nəticəsini qəbul etmək qərarına gəldim. Bu nəticə göstərir ki, Abelardo de la Esprielya ölkənin yeni prezidentidir. Mən bunu kolumbiyalılar arasında birgəyaşayışın, sülhün və dialoqun təşviqi naminə edirəm”, - deyə o bildirib.
Bununla yanaşı, Sepeda ABŞ-ni seçkilərə müdaxilə etməkdə ittiham edib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası dövründə de la Esprielyanı dəstəkləyib. Sepeda həmçinin süni zəka ilə yaradılmış məzmun vasitəsilə seçicilərin manipulyasiya edildiyini iddia edib.
Solçu senator rəqibini genişmiqyaslı səs satınalma kampaniyası aparmaqda da günahlandırıb.
Abelardo de la Esprielya isə bu ittihamları rədd edib və öz növbəsində Sepedanı da oxşar fəaliyyətlərdə ittiham edib.
Yeni prezident seçki kampaniyası zamanı cinayətkarlığa qarşı sərt tədbirlər görəcəyini və ölkə iqtisadiyyatının bərpasına çalışacağını vəd etmişdi.
Sevinc Əliyeva
Ordu.az