Erməni müxalifətində “Karapetyan çaşqınlığı”: Paşinyanı yıxmaq istəyən qüvvələr milyarderin dəvətini gözləyir

2026/06/1782279780.jpg
Oxunub: 376     09:42     24 İyun 2026    
“Samvel Karapetyanın müxalifətin bir platformada birləşməsi çağırışına baxmayaraq, siyasi qüvvələr hələlik konkret addımların atılmasını və onun görüş təşəbbüsünü gözləyirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Nikol Paşinyanı seçkiləri saxtalaşdırmaqda ittiham edən Samvel Karapetyan bir neçə gün əvvəl müxalif qüvvələrin birləşdirilməsi və küçə mübarizəsinin “doğru zamanda” təşkil edilməsi barədə danışdı. O bildirdi ki, seçkilərdən əvvəl bu məsələdə səhvə yol verilib və bəzi müxalif qüvvələr öz imkanlarını həddindən artıq qiymətləndiriblər. Nəticədə bir çox siyasi qüvvə ilə razılıq əldə etmək mümkün olmayıb”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, Karapetyan müxalifəti vahid platformada birləşməyə çağırıb.

“Onun təklifi artıq bəzi siyasi qüvvələr tərəfindən müsbət qarşılanıb. Lakin əldə etdiyimiz məlumata görə, bu gündəmlə bağlı hələlik heç bir görüş və ya birgə müzakirə keçirilməyib. Vahid platformanın yaradılması ilə bağlı ümumi söhbətlər Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini açıqlamasından və “Çiçəklənən Ermənistan” partiyasının parlamentdən kənarda qalmasına dair qərarından əvvəl aparılıb. Həmin dövrdə altı tanınmış siyasi qüvvə seçki nəticələrini tanımadıqlarını bəyan etmişdi”, - deyə nəşr yazıb.

Nəşrin məlumatına görə, seçkidən sonrakı dövr üçün vahid müxalifət platformasının yaradılması ideyası müxalifət nümayəndələrinin görüşü zamanı da gündəmə gətirilib.

“Bunun ardınca müxalifətin lideri kimi təqdim olunan Karapetyanın ictimai çağırışı səsləndirildi.

Lakin müxalif düşərgədə hamı praktik addımları və Karapetyandan gələcək görüş dəvətini gözləyir. Hətta dünənə olan məlumata görə, bəzi siyasi qüvvələr vəziyyətdən çaşqınlıq içində idilər. Məsələ ondadır ki, iyunun 26-da Konstitusiya Məhkəməsində müxalifətin seçki nəticələrinin mübahisələndirilməsi ilə bağlı iddiasına baxılacaq. Buna baxmayaraq, vahid müxalifət hələ də konkret fəaliyyət planı müəyyən etməyib. Halbuki Samvel Karapetyan mitinq keçirilməsi ehtimalına işarə etmişdi. Digər tərəfdən, Konstitusiya Məhkəməsindəki proses təxminən iki həftə davam edəcək və hələ kifayət qədər vaxt var”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin