Avstraliya və Kanada arasında nəhəng radar sazişi imzalanıb

2026/06/Ekran-1782233439.jpg
Oxunub: 220     20:50     23 İyun 2026    
Avstraliya indiyədək hazırlanmış ən həssas müşahidə texnologiyalarından biri hesab edilən “Jindalee” Görmə Xəttindən Kənar Radar (JORN) sistemini 2,5 milyard dollarlıq müqavilə çərçivəsində Kanadaya satır.

Ordu.az xəbər verir ki, bu, JORN texnologiyasının ilk beynəlxalq ixracı olmaqla yanaşı, Avstraliya tarixində ən böyük müdafiə ixracı müqaviləsi kimi qeydə alınıb.

Müqaviləyə əsasən, Kanada Arktika üzərindən minlərlə kilometr uzaqlıqdan yaxınlaşan hava və dəniz hədəflərini aşkar edə biləcək inkişaf etmiş müşahidə imkanları əldə edəcək.

Saziş Kanadanın Müdafiə Təchizatı üzrə Dövlət katibi Stiven Fur və Avstraliyanın Baş nazirinin müavini, müdafiə naziri Riçard Marles arasında Kanberrada keçirilən mərasimdə imzalanıb.

Layihənin əsas sənaye tərəfdaşı “BAE Systems Australia” olacaq. İlk təhvilvermələrin 2026-cı il iyulun 1-də başlaması planlaşdırılır. Kanada ilkin əməliyyat qabiliyyətinə 2029-cu ilin dekabrında çatmağı hədəfləyir.

JORN sistemi yüksək tezlikli radio dalğalarını ionosferdən əks etdirərək Yer kürəsinin əyriliyi səbəbindən adi radarların görə bilmədiyi hədəfləri aşkar edə bilir.

1970-ci illərdən inkişaf etdirilən və 1990-cı illərdə tam əməliyyat qabiliyyətinə çatan sistem hava və dəniz hədəflərini 3000 kilometrədək məsafədən müəyyən edə bilir.

Kanada hökumətinin hesablamalarına görə, layihə 2026-2033-cü illərdə ölkə iqtisadiyyatına hər il təxminən 290 milyon dollar töhfə verəcək və orta hesabla 2270 yeni iş yeri yaradacaq.

Mütəxəssislər hesab edirlər ki, yeni sistem ABŞ və Kanadanın birgə hava hücumundan müdafiə komandanlığı olan NORAD-ın modernləşdirilməsində əsas müşahidə platformalarından birinə çevriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Kanada  


Bizi "telegram"da izləyin