Polşa Prezidenti: “Zelenski ağrı həddini keçib”

2026/06/1781980090.jpg
Oxunub: 205     22:27     20 İyun 2026    
Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Qartal ordenindən məhrum etməsinin səbəbini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə TVN24 telekanalı məlumat yayıb.

Navrotskinin sözlərinə görə, qərar Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusunun qəhrəmanları” fəxri adının verilməsini təsdiqləməsindən sonra qəbul edilib.

Prezident Silaziya üsyanlarının milli günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, polyaklar müharibənin, müstəqillik uğrunda mübarizənin və Rusiya təhdidinin nə olduğunu yaxşı anlayırlar.

Bununla yanaşı, onun sözlərinə görə, Polşa üçün müəyyən məsələlərdə “ağrı həddi” mövcuddur.

“Biz müharibənin nə olduğunu bilirik, müstəqillik uğrunda mübarizənin nə olduğunu bilirik, keçmiş sovet və indiki Rusiya təhdidini anlayırıq. Ancaq biz qürurlu polyak xalqıyıq və bizim üçün mühüm olan məsələlərdə müəyyən ağrı həddi var. Bu hədd keçildi və buna görə də mən Prezident Zelenskini Ağ Qartal ordenindən məhrum etdim”, - deyə Navrotski bildirib.

O qeyd edib ki, qərar orden kapitulu ilə məsləhətləşmələrdən sonra qəbul olunub.

Xatırladaq ki, Ağ Qartal ordeni Zelenskiyə 2023-cü ilin aprelində Polşanın keçmiş Prezidenti Anjey Duda tərəfindən Polşa-Ukrayna münasibətlərinin inkişafına, təhlükəsizlik sahəsində əməkdaşlığa və demokratik dəyərlərin müdafiəsinə verdiyi töhfəyə görə təqdim edilmişdi.

Varşavanın bu qərarı Kiyevdə sərt reaksiyaya səbəb olub.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bunu “Rusiyanın maraqlarına xidmət edən strateji səhv” adlandırıb və 2022-ci ildə aldığı Polşa dövlət mükafatını geri qaytaracağını açıqlayıb.

Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov və Ukraynanın Polşadakı səfiri Vasili Bodnar da Polşa mükafatlarını geri qaytarmaq niyyətində olduqlarını bildiriblər.

Polşanın Baş naziri Donald Tusk isə məsələyə münasibət bildirərək qeyd edib ki, Polşa ilə Ukrayna arasında yaranan qarşıdurma Rusiya Prezidenti Vladimir Putinin maraqlarına uyğundur və tərəfləri gərginliyi azaltmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin