Hörmüz boğazında gəmiçiliyin bərpası üçün təxminən 80 mina zərərsizləşdirilməlidir

2026/05/1779768577.jpg
Oxunub: 194     19:19     19 İyun 2026    
Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin tam bərpası üçün təxminən 80 dəniz minasının zərərsizləşdirilməsi tələb olunur.

Ordu.az xəbər verir ki, bu barədə tanker sahiblərinin “Intertanko” Assosiasiyasının nümayəndəsi Fil Belçer açıqlama verib.

O bildirib ki, boğazın mərkəzi hissəsindən keçən əsas gəmiçilik marşrutu minaların yaratdığı yüksək təhlükə səbəbindən hələ də bağlı qalır.

“Son məlumatlara görə, Hörmüz boğazında təxminən 80 mina mövcuddur. Bu, çox böyük rəqəmdir və onların zərərsizləşdirilməsi müəyyən vaxt tələb edəcək”, - deyə Belçer “The Guardian” qəzetinə müsahibəsində bildirib.

Nəşrin qiymətləndirməsinə əsasən, hazırda boğaz ətrafında təxminən 600 gəmi fəaliyyət göstərir.

ABŞ ilə İran arasında münaqişə başladıqdan sonra ticarət gəmiləri Hörmüz boğazından keçən rəsmi gəmiçilik marşrutlarından istifadəni dayandırıblar. İran gəmilərə Larak adası yaxınlığından keçən daha şimal marşrutundan istifadə etməyi tövsiyə edib. Gəmilərin bir hissəsi isə Oman sahilləri boyunca uzanan cənub marşrutunu seçib.

2026-cı il iyunun 18-də Hörmüz boğazından 25 ticarət gəmisi keçib. Bu göstərici aprelin 18-dən etibarən qeydə alınan ən yüksək rəqəm hesab olunur.

Bundan əvvəl ABŞ və İran hərbi əməliyyatların, o cümlədən Livan ərazisindəki fəaliyyətlərin dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. ABŞ Prezidenti Donald Tramp 2026-cı il iyunun 17-də bildirib ki, Hörmüz boğazı artıq qismən açılıb və yaxın günlərdə mülki gəmiçilik üçün tam fəaliyyətini bərpa etməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin