Serj Sarkisyanın qardaşı barəsində həbs qərarı ləğv edilib

2026/06/1781876135.jpg
Oxunub: 221     17:35     19 İyun 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Ermənistanın Antikorrupsiya Məhkəməsinə istinadən məlumat yayıb.

Məlumata görə, Apellyasiya Antikorrupsiya Məhkəməsi Aleksandr Sarkisyan barəsində verilmiş həbs qərarını ləğv edib. Prokurorluq həmin qərardan Kassasiya Məhkəməsinə şikayət versə də, məhkəmə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 2026-cı ilin fevralında Serj Sarkisyanın qardaşları Aleksandr Sarkisyan və Levon Sarkisyana qarşı 2020-ci ildən araşdırılan cinayət işi üzrə ittiham irəli sürülüb. Həmin işin əsas təqsirləndirilən şəxslərindən biri Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyandır.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Aleksandr Sarkisyan barəsində axtarış elan olunmuş və Antikorrupsiya Məhkəməsi onun həbsinə qərar vermişdi. Levon Sarkisyan isə başqa bir cinayət işi üzrə daha əvvəl axtarışda idi.

Yeni iş üzrə Sarkisyan qardaşları xüsusilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurlar. İttihama əsasən, onlar 2001-2018-ci illər ərzində öz nüfuzlarından istifadə edərək onlara etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitlərini mənimsəyiblər.

İstintaqın məlumatına görə, Vladimir Qasparyan 1997-2011-ci illərdə Hərbi Polis İdarəsinin rəisi, daha sonra isə müdafiə nazirinin müavini vəzifələrində çalışarkən bir neçə hərbi qulluqçunun xidməti vəzifələrini yerinə yetirmək əvəzinə Levon Sarkisyanın sürücüsü kimi işləməsinə şərait yaradıb. Daha iki hərbi qulluqçu isə Aleksandr Sarkisyanın mühafizəçisi olub.

Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, həmin şəxslər bu xidmətlərə görə dövlət büdcəsindən ümumilikdə 54 milyon dram əməkhaqqı alıblar.

Vladimir Qasparyan irəli sürülən ittihamları qəbul etmir.

Qeyd edək ki, bu cinayət işi üzrə dövlətə vurulduğu bildirilən 54 milyon dramlıq zərər bir neçə il əvvəl Aleksandr Sarkisyan tərəfindən ödənilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin