Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında erməni hüquqşünas Hovhannes Xudoyan bildirib.
Onun sözlərinə görə, məhkəməyə seçkilərin genişmiqyaslı və sistemli pozuntularla keçirildiyini göstərən əhatəli sübutlar paketi təqdim olunub.
Xudoyan bildirib ki, bu pozuntuların miqyası hər hansı aralıq qərarın qəbulunu mümkünsüz edir. O, misal olaraq hüquq-mühafizə orqanlarının hakim “Vətəndaş Müqaviləsi” partiyasının xeyrinə təbliğat fəaliyyətində iştirakını, təqsirsizlik prezumpsiyasını pozan müxtəlif məlumatların yayılmasını, cinayət tərkibi olmayan telefon danışıqlarının ictimaiyyətə təqdim edilməsini və bunun müəyyən ictimai rəy formalaşdırmaq məqsədi daşıdığını göstərib.
Erməni hüquqşünas əlavə edib ki, həmin materiallar montaj edilmiş formada yayımlanıb.
Xudoyan həmçinin dövlət büdcəsi hesabına keçirilən iri tədbirləri, o cümlədən hərbi paradı, “Vətəndaş Müqaviləsi” partiyasının fondunun maliyyə məlumatlarını tam təqdim etməməsini və imzaların sayı ilə seçicilərin sayı arasında 27 minə çatan uyğunsuzluğu da pozuntular sırasında qeyd edib.
Blokun Ermənistan Konstitusiya Məhkəməsinin bəzi hakimlərinin özünəetirazını tələb edib-etməyəcəyi ilə bağlı suala cavab verən Xudoyan bəzi hakimlərin “Vətəndaş Müqaviləsi” partiyası ilə açıq əlaqələrinin olduğunu bildirib. O qeyd edib ki, ən azı Vladimir Vardanyan bu iş üzrə obyektiv qərar verə bilməz.
Erməni hüquqşünas beynəlxalq məhkəmə instansiyalarına müraciət məsələsinin hələ müzakirə edilmədiyini də vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az