Ordu.az xəbər verir ki, Makron bu barədə “France 2” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında baş tutan müzakirələrin keyfiyyəti, həmçinin Trampın seçilməsindən sonra ilk dəfə olaraq Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında əldə olunan mövqe yaxınlaşması son günlərin mühüm nailiyyətlərindən biridir.
“Zelenski ilə Tramp arasında baş tutan müzakirələrin keyfiyyəti, eləcə də onun seçilməsindən sonra ilk dəfə Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında əldə olunan konsensus son günlərin əhəmiyyətli nailiyyətlərindəndir”, - deyə Makron vurğulayıb.
Fransa liderinin fikrincə, G7 sammiti zamanı ABŞ-nin Ukrayna münaqişəsinə münasibətində “real dəyişiklik” baş verib.
Makron bildirib ki, Tramp artıq Kiyevin münaqişədə məğlub olduğu fikrini bölüşmür.
“Mən gördüm ki, Prezident Tramp və dövlət katibi Marko Rubio hansı istiqamətlərdə irəliləməyə hazır olduqlarını və gələcək müzakirələrin hansı şərtlər əsasında aparılacağını çox aydın şəkildə ifadə etdilər”, - deyə Fransa Prezidenti əlavə edib.
Qeyd edək ki, Donald Tramp G7 sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Ukraynanın ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raket istehsalına icazə verilməsi barədə müraciətinə baxılacağını bildirib.
O, həmçinin Ukraynadakı müharibənin davam etməsinə və sülh sazişinin əldə olunmamasına görə məsuliyyətin kimdə, Moskva və ya Kiyevdə olduğunu dəqiq şəkildə açıqlamaqdan imtina edib.
Sammitdən sonra Tramp bəyan edib ki, hazırda döyüş meydanında Kiyevin vəziyyəti pis deyil, lakin Rusiya böyük ölkədir və hərbi baxımdan xeyli üstündür.
Sevinc Əliyeva
Ordu.az