Ordu.az xəbər verir ki, təhvil mərasimi “İstanbul” Gəmiqayırma Zavodunun Komandanlığında keçiriləcək.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Danın iştirak etməsi gözlənilir.
Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkətinin baş podratçı olduğu layihələr çərçivəsində İstanbul Gəmiqayırma Zavodunda inşa edilən “CAm.” ROMAN korveti Rumıniya Hərbi Dəniz Qüvvələrinə, TCG KOÇHİSAR isə Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.
Mütəxəssislər hesab edirlər ki, bu təhvil Türkiyənin hərbi gəmi inşası sahəsində əldə etdiyi imkanları bir daha nümayiş etdirəcək, həmçinin Türkiyə ilə Rumıniya arasında müdafiə sənayesi əməkdaşlığını yeni mərhələyə daşıyacaq.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil olacaq “CAm.” ROMAN korveti ASFAT-ın rəhbərliyi altında, “İstanbul” Gəmiqayırma Zavodunun təcrübəsi və Türkiyə müdafiə sənayesi müəssisələrinin iştirakı ilə hazırlanıb.
Gəmi kəşfiyyat, müşahidə, patrul, dəniz təhlükəsizliyi və döyüş tapşırıqlarını yerinə yetirə bilən müasir sistemlərlə təchiz olunub. Onun xüsusilə Qara dənizdə və digər regional sularda Rumıniyanın dəniz təhlükəsizliyi imkanlarını gücləndirəcəyi bildirilir.
Bu layihə Türkiyənin NATO və Avropa İttifaqına üzv ölkəyə ilk dəfə döyüş gəmisi ixrac etməsi baxımından da strateji əhəmiyyət daşıyır. ASFAT tərəfindən həyata keçirilən ixrac Türkiyənin müdafiə sənayesi məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətini bir daha nümayiş etdirir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək TCG KOÇHİSAR (P-1221) isə “Hisar” sinfinə məxsus Dəniz Patrul Gəmilərinin növbəti nümayəndəsidir. Gəmi dəniz səlahiyyət zonalarının mühafizəsi, kəşfiyyat və müşahidə fəaliyyətləri, dəniz təhlükəsizliyi əməliyyatları, patrul xidmətləri və humanitar yardım tapşırıqları kimi geniş fəaliyyət spektrinə malik olacaq.
ASFAT bildirib ki, şirkət Milli Müdafiə Nazirliyinin hərbi zavod və gəmiqayırma imkanlarını özəl sektorun çevikliyi və Türkiyə müdafiə sənayesinin texnoloji potensialı ilə birləşdirərək ölkənin müdafiə sənayesi strategiyasına töhfə verməyə davam edir.
Şirkətin açıqlamasına görə, iyunun 20-də keçiriləcək ikili təhvil ASFAT-ın yalnız Türkiyənin ehtiyaclarını qarşılayan deyil, həm də dost və müttəfiq ölkələr üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək.
Sevinc Əliyeva
Ordu.az