Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş telefon danışığından cəmi iki həftə sonra Avropa İttifaqı Ermənistan və onun əhalisinə dəstək öhdəliklərini həyata keçirməyə başlayıb.
Qeyd olunub ki, ayrılan vəsait Ursula fon der Lyayenin elan etdiyi geniş dəstək paketinin ilk hissəsidir. Paket Ermənistan iqtisadiyyatının dayanıqlığının artırılması məqsədilə ticarətin asanlaşdırılması və həmrəylik tədbirlərini əhatə edir.
Ötən ay keçirilən Avropa İttifaqı-Ermənistan sammitində əldə olunmuş razılaşmalara uyğun olaraq tərəflər işgüzar əlaqələrin genişləndirilməsi və erməni istehsalçılar üçün bazarlara çıxış imkanlarının artırılması istiqamətində əməkdaşlığı davam etdirəcəklər.
Məlumata görə, aqrar-qida istehsalı, gülçülük və ixracyönümlü digər sahələr də daxil olmaqla ticarət məhdudiyyətlərindən zərər çəkən sektorlar əlavə dəstək alacaqlar.
Bu dəstək ticarətin təşviqi təşəbbüsləri, biznes əlaqələrinin qurulması tədbirləri və bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş proqramlar vasitəsilə həyata keçiriləcək.
Avropa İttifaqı-Ermənistan İqtisadi Dayanıqlıq üzrə Xüsusi İşçi Qrupunun bu tədbirlərin icrasına nəzarət etmək üçün mütəmadi görüşlərini davam etdirdiyi bildirilib.
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos qeyd edib ki, Avropa İttifaqı Ermənistanın yanında dayanır.
“Biz yalnız maliyyə yardımı göstərmirik, eyni zamanda Ermənistana qonşuları və Avropa ilə ticarəti asanlaşdırmaqda kömək edirik. Bu, ən yaxın tərəfdaşlarımızdan birinə Avropa həmrəyliyinin praktiki təzahürüdür”, - deyə o bildirib.
Məlumata görə, Marta Kos əməkdaşlığın növbəti mərhələsini müzakirə etmək üçün 2026-cı il iyulun 5-də Ermənistana səfər edəcək.
Alpər Mövludoğlu
Ordu.az