Erməni deputat: “Samvel Karapetyan kimdir ki, mən və ya Jirayr Sefilyan onun yanında dayanaq?”

2026/06/photo-1781871829.jpg
Oxunub: 146     16:24     19 İyun 2026    
Ermənistan parlamentinin deputatı Hovik Ağazaryan müxalifətin seçkilərə vahid şəkildə qatılmamasının uğursuzluğa səbəb olduğunu bildirib və Samvel Karapetyanın müxalif qüvvələrin birləşməsi ilə bağlı çağırışlarını şərh edib.

Ordu.az xəbər verir ki, bu barədə Ağazaryan iyunun 19-da jurnalistlərlə söhbətində danışıb.

Onun sözlərinə görə, hələ 7-8 ay əvvəl müxalifətin seçkilərə birgə getməyəcəyi təqdirdə uğursuz olacağı barədə xəbərdarlıq edib.

“Dediklərim gerçəkləşdi və cənab Karapetyan da etiraf etdi ki, seçkilərdən əvvəl müxalifətin birləşdirilməsi istiqamətində iş aparılmaması səhv olub. Bu mürəkkəb məsələ idi, amma qələbənin açarı məhz burada idi”, - deyə deputat bildirib.

Ağazaryan qeyd edib ki, indi Samvel Karapetyan yenidən birləşmə təşəbbüsü ilə çıxış edir. Lakin onun fikrincə, bu birliyin şüarı “Güclü Ermənistan yalnız Samvel Karapetyanla” olacaqsa, nəticə əldə etmək mümkün olmayacaq.

Erməni deputat hesab edir ki, siyasi qüvvələr şəxsi ambisiyalarından üstün durmalı və ilk növbədə Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsini həll etməlidirlər.

“Bu, yalnız birgə səylərlə mümkündür. Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra qoy siyasi qüvvələr normal siyasi rəqabət şəraitində mübarizə aparsınlar və hakimiyyətə gəlsinlər”, - deyə o vurğulayıb.

Samvel Karapetyanın müxalif siyasətçiləri mandatları qəbul edib-etməmək barədə məsləhət vermək əvəzinə onun yanında dayanmağa çağırmasına münasibət bildirən Ağazaryan sərt mövqe nümayiş etdirib.

“Jirayr Sefilyan niyə Samvel Karapetyanın yanında dayanmalıdır? Samvel Karapetyan kimdir ki, Jirayr Sefilyan onun yanında dayansın? Samvel Karapetyan kimdir ki, Hovik Ağazaryan onun yanında dayansın? Yəni Samvel Karapetyan məndən, Jirayr Sefilyandan və ya Ara Papyandan daha güclü siyasi fiqurdur?”, - deyə deputat bildirib.

Ağazaryan əlavə edib ki, əgər məqsəd həqiqətən birlik yaratmaqdırsa, o zaman siyasi qüvvələr arasında kiçik-böyük fərqi qoyulmamalıdır.

O həmçinin qeyd edib ki, əgər “Çiçəklənən Ermənistan partiyası parlamentə düşərsə, müxalifətin mandatları qəbul etməsi düzgün addım olar, əks halda isə mandatların götürülməsinə ehtiyac görmür.

Erməni deputatın fikrincə, hazırkı şəraitdə küçə etirazları üçün real zəmin yoxdur. O bildirib ki, əvvəllər Nikol Paşinyanın güc və repressiv üsullara əl atacağını söyləyəndə buna etiraz edilirdi.

“Bu gün küçəyə çıxacaq kütlə yoxdur. Hətta Samvel Karapetyana, Robert Köçəryana və Qaqik Tsarukyana gizli səsvermədə səs verən 100 nəfərdən onların çağırışı ilə bəlkə iki nəfər küçəyə çıxar”, - deyə Ağazaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan əslində insanları küçəyə çağıraraq fəalları müəyyənləşdirmək və sonradan onlara qarşı tədbirlər görmək istəyir.

Ağazaryan hesab edir ki, hazırda küçə hərəkatı yarada biləcək lider yoxdur, çünki insanlar mövcud təzyiqlər fonunda küçəyə çıxmaqdan çəkinirlər.

Erməni deputatın fikrincə, insanlar yalnız Nikol Paşinyanın azərbaycanlıların Ermənistana qayıdışını nəzərdə tutan hər hansı sənədi imzalamağa hazırlaşdığı qənaətinə gəldikləri halda kütləvi şəkildə küçələrə çıxa bilərlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağazaryan  


Bizi "telegram"da izləyin