Ordu.az xəbər verir ki, əməkdaşlıq protokolunun imzalanma mərasimi Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində keçirilib.
Sənədi “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar və YTB sədri Abdulhadi Turus imzalayıblar.
Protokola əsasən, Türkiyədə önlisans, bakalavr, magistratura və doktorantura pillələrində təhsil alacaq fələstinli tələbələr təqaüdlə təmin ediləcəklər.
2026-cı il planına uyğun olaraq proqramdan ümumilikdə 200 tələbə yararlanacaq. Onlardan 160 nəfəri bakalavr, 30 nəfəri magistratura, 10 nəfəri isə doktorantura səviyyəsində təhsil alacaq.
Tələbələrin təhsil müddəti ərzində ehtiyac duyacaqları təqaüdlər, yaşayış xərcləri, gediş-dönüş aviabiletləri və proqramla bağlı digər bütün xərclər “Baykar” tərəfindən ödəniləcək.
Bununla yanaşı, “Baykar” və YTB-nin birgə həyata keçirdiyi “Türkiyə Təqaüdləri - Baykar Birgə Texnologiya Təqaüd Proqramı” da davam edir.
2022-ci il dekabrın 3-də başladılan proqram çərçivəsində Türkiyədə mühəndislik ixtisasları üzrə təhsil alan 18 ölkədən 200 beynəlxalq tələbəyə dörd il müddətində təqaüd dəstəyi göstərilir.
Sevinc Əliyeva
Ordu.az