Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - FOTOLAR

2026/06/1781874210.jpg
Oxunub: 221     16:56     19 İyun 2026    
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər. Bu çərçivədə Azərbaycan ilə Almaniya arasında biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri müzakirə olunub.

Görüş zamanı Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələrin iqlim gündəliyinin irəlilədilməsinə verdiyi töhfə qeyd olunub, yaşıl keçid və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov səfir Ralf Horlemanna gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Ralf Horlemann Azərbaycandakı fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Almaniya  


Bizi "telegram"da izləyin