Ordu.az xəbər verir ki, bu barədə belçikalı hərbi analitik “Jeff2146” Parisdə keçirilən “Eurosatory” beynəlxalq sərgisində şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Şirkət rəsmisinin sözlərinə görə, ilk beş qüllənin 2027-ci ilin iyununda təhvil verilməsi, qalanlarının isə 2027-ci ilin sonuna qədər çatdırılması planlaşdırılır.
“Hazırda sistem qiymətləndirmə mərhələsindədir və ümid edirik ki, ukraynalılar tezliklə bütün digər qüllələri bizim qüllələrlə əvəz etmək istədiklərini bildirəcəklər. Növbəti mərhələ bu həftə baş verəcək. Görünür, müdafiə nazirimizlə sizin müdafiə naziriniz cənab Fedorov arasında görüş planlaşdırılır. Onlar Ukraynanın daha çox qüllə alıb-almayacağına qərar verməlidirlər”, - deyə şirkət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri “Leopard 1” tankının şassisini yüksək qiymətləndirirlər. Çünki bu platforma tam mexaniki və hidravlik sistemlərə əsaslanır, elektronikadan asılı deyil və yüksək etibarlılığa malikdir.
Bununla belə, tankların mövcud qüllələri 40-50 il əvvəl hazırlanıb və onların ballistik kompüterləri artıq tamamilə köhnəlib.
Şirkət nümayəndəsi qeyd edib ki, yeni qüllə ilə təchiz edilmiş tank ilk dəfə 2025-ci ilin iyulunda Ukrayna nümayəndə heyətinə nümayiş etdirilib.
Sınaqlar zamanı yeni qüllə artırılmış şaquli yüksəliş bucaqları sayəsində örtülü mövqelərdən 10 km məsafədəki hədəfləri vurmaq qabiliyyəti nümayiş etdirib.
Yeni qüllə orijinal qüllədən 3 ton yüngüldür. Bu isə dinamik müdafiə, pilotsuz uçuş aparatı əleyhinə tor ekranlar və radioelektron mübarizə sistemlərinin quraşdırılması üçün əlavə çəki ehtiyatı yaradır.
Hazırda Ukraynada C3105 qüllələri ilə təchiz edilmiş müəyyən sayda modernləşdirilmiş “Leopard 1” tankı mövcuddur və onlar döyüş şəraitində sınaqlardan keçirilir.
Belə tankın ilk təhvili barədə 2026-cı ilin martında məlumat verilmişdi. C3105 qüllələri müasir optik sistemlərlə təchiz olunub və gündüz 18 km, gecə isə 15 km məsafədə hədəfləri aşkar etməyə imkan verir.
Qüllə 25 mm çaplı altkalibrli mərmilərə qarşı müdafiə təmin edir və 12-16 mərmi tutumlu avtomatik doldurucu ilə təchiz olunub. Quruluş elə hazırlanıb ki, tuşlayıcı və tank komandiri qüllənin daxilində deyil, korpus səviyyəsində yerləşir.
Qüllə “Leopard 1” tanklarında istifadə olunan sursatlarla uyğun 105 mm yüksək təzyiqli topla silahlandırılıb və Ukraynanın “Falarik” tank əleyhinə raketini də buraxa bilir.
Sevinc Əliyeva
Ordu.az