Ukrayna PUA-lara qarşı FZ275 LGR raketlərinin istehsalına hazırlaşır

2026/06/hamle-1781195935.jpg
Oxunub: 230     20:40     11 İyun 2026    
Ukrayna Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış Belçika istehsalı FZ275 LGR lazerlə idarə olunan raketlərin istehsalına başlamağa hazırlaşır.

Ordu.az xəbər verir ki, “Thales” şirkəti tərəfindən hazırlanan 70 mm çaplı raket sistemi xüsusilə Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı mübarizə üçün nəzərdə tutulub.

Məlumata görə, layihə rekord müddətdə, cəmi 12 ay ərzində tamamlanaraq döyüş istifadəsinə hazır vəziyyətə gətirilib.

“Thales” şirkətinin planına əsasən, 2028-ci ildən etibarən ildə 100 min raket istehsal olunacaq və onların bir hissəsi birbaşa Ukrayna ərazisində yığılacaq.

FZ275 LGR raketinin əsas xüsusiyyəti FZ123 döyüş başlığıdır. Bu başlıq 6500-7000 arasında kiçik polad kürəcik daşıyır. Təxminən 1 kiloqram partlayıcı maddənin hədəf yaxınlığında partlaması nəticəsində bu elementlər geniş sahəyə yayılaraq hava hədəflərinin məhv edilməsini təmin edir.

Yeni sursat əsasən Rusiyanın istifadə etdiyi kamikadze tipli “Shahed” PUA-larına qarşı mübarizə üçün hazırlanıb.

Ukrayna ilə “Thales Belgium” arasında 2024-cü ildə imzalanmış memorandum çərçivəsində raketlərin birgə istehsalı nəzərdə tutulur. Layihənin əsas məqsədi texnologiya transferinin tam həyata keçirilməsi və Ukraynanın gələcəkdə FZ275 LGR raketlərini müstəqil şəkildə istehsal edə bilməsidir.

Məlumata görə, layihənin əsasında “Thales” və Ukraynanın dövlət müdafiə sənayesi qurumu “Ukroboronprom” arasında yaradılmış birgə müəssisə dayanır.

FZ275 LGR 3 kilometrədək məsafədəki hədəfləri vurmaq imkanına malikdir. Standart 70 mm çapı sayəsində raket müxtəlif platformalara inteqrasiya oluna bilir. Sistem həm qurudan buraxılan VAMPIRE hava hücumundan müdafiə sistemlərində, həm də Ukrayna Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-16 qırıcılarında tətbiq edilə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA   FZ275-LGR  


Bizi "telegram"da izləyin