Ordu.az xəbər verir ki, konfrans hərbi qərarvericiləri, akademikləri və müdafiə sənayesi nümayəndələrini bir araya gətirərək dəniz təhlükəsizliyi sahəsində mövcud təhdidlər, ehtiyaclar və innovativ həllərlə bağlı geniş müzakirələrə ev sahibliyi edib.
Tədbirdə xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda dəyişən dəniz əməliyyat mühitində insansız sistemlərin yaratdığı asimmetrik təhdidlərə qarşı hazırlanmış yeni həllər təqdim olunub.
Qeyd olunub ki, son illərdə Qara dəniz və Baltik regionunda baş verən qarşıdurmalar dəniz təhlükəsizliyinə yanaşmanı ciddi şəkildə dəyişib. Artıq yalnız açıq dənizdə fəaliyyət göstərən döyüş gəmiləri deyil, limanlar, bazalar, logistika mərkəzləri və strateji sahil infrastrukturu da Pilotsuz Uçuş Aparatı (PUA) və insansız dəniz platformalarının birbaşa hədəfinə çevrilib.
“CANiK” və qrup şirkətlərinin birgə hazırladığı 30×113 mm-lik həll PUA radarları, müasir sensorlar və süni zəka dəstəkli hədəf izləmə sistemləri ilə inteqrasiya olunub. Həll “CANiK” tərəfindən istehsal edilən VENOM LR top sistemi və UNIROBOTICS şirkətinin hazırladığı TRAKON 30 Uzaqdan İdarə Edilən Silah Sistemi ilə birlikdə istifadəçilərə təqdim edilir.
Bu inteqrasiya olunmuş struktur sayəsində dənizdən havaya, dənizdən dənizə, qurudan havaya və qurudan dənizə ssenarilərdə yüksək effektivlik əldə olunur. Sistem radarlar, elektro-optik sistemlər və aktiv hədəf izləmə vasitələri ilə tam uyğun işləyərək PUA sürüləri və “gəzən sursat”lara qarşı milyonlarla dollarlıq raket sistemləri ilə müqayisədə daha aşağı xərc tələb edən nişanalma imkanı yaradır.
“SYS Grup-CANiK” şirkətinin Biznesin İnkişafı və Marketinq Direktoru Gəncay Gəncər bildirib ki, döyüş meydanında və potensial təhdidlərdə baş verən dəyişikliklər müdafiə sistemlərinin yenidən qiymətləndirilməsini zəruri edir.
Onun sözlərinə görə, “SYS Grup” 50 ildən artıq əməliyyat təcrübəsinə malik 30×113 mm topların döyüş şəraitində sübut olunmuş imkanlarını müasir sensorlar, qabaqcıl atəşə nəzarət sistemləri və mobil çoxqatlı müdafiə konsepsiyası ilə birləşdirərək effektiv həll ortaya qoyub.
Sevinc Əliyeva
Ordu.az