ARES gəmiqayrma zavodu 20 illiyini qeyd edir

2026/06/1780914378.jpg
Oxunub: 294     14:26     08 İyun 2026    
Türkiyənin aparıcı hərbi və kommersiya gəmiqayrma müəssisələrindən olan “ARES Shipyard” fəaliyyətinin 20-ci ildönümünü qeyd edir.

Ordu.az xəbər verir ki, şirkət 2006-cı ildə Kerim Kalafatoğlu tərəfindən təsis olunub.

Son 20 il ərzində yerli qayıq istehsalçısından qlobal brendə çevrilən “ARES Shipyard” dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən hərbi dəniz qüvvələri, sahil mühafizə qurumları və təhlükəsizlik təşkilatları üçün qabaqcıl dəniz platformaları hazırlayıb.

Antalya Sərbəst Bölgəsində fəaliyyət göstərən şirkət hazırda inkişaf etmiş istehsal infrastrukturu, mühəndislik imkanları və innovativ yanaşması ilə Türkiyənin ən böyük hərbi və kommersiya gəmi ixracatçılarından biri hesab olunur. Müəssisə kompozit, alüminium və polad qayıqların istehsalı sahəsində ixtisaslaşaraq yüksək performanslı patrul katerləri, hərbi dəniz platformaları, dəstək gəmiləri və avtonom sistemlər hazırlayır.

Şirkət fəaliyyət göstərdiyi dövrdə yalnız Türkiyədə deyil, Yaxın Şərq, Afrika və digər beynəlxalq bazarlarda da mühüm layihələr həyata keçirib. Müdafiə sənayesində hazırladığı innovativ həllər sayəsində sektorun inkişafına təsir göstərən qurumlardan birinə çevrilib.

Son illərdə insansız dəniz platformaları və avtonom sistemlər sahəsindəki fəaliyyəti ilə seçilən “ARES Shipyard” dənizçilik texnologiyalarında yeni dövrün öncül şirkətlərindən biri hesab olunur.

Şirkətin baş direktoru Oğuzhan Pehlivanlı bildirib ki, 20 il əvvəl böyük arzularla başlanan yol bu gün dünya səviyyəsində tanınan brendə çevrilib. Onun sözlərinə görə, əldə olunan uğurların əsasını əməkdaşların zəhməti, tərəfdaşların etimadı və müştərilərin dəstəyi təşkil edir.

Şirkət ikinci 20 illik fəaliyyət dövründə davamlı inkişaf, qabaqcıl mühəndislik, rəqəmsallaşma və innovativ dəniz texnologiyalarına yatırımlarını davam etdirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ARES   Türkiyə  


Bizi "telegram"da izləyin