Ordu.az xəbər verir ki, ABŞ-nin “Raytheon” şirkəti Küveytə NASAMS atəş bölmələrinin çatdırılması üçün ABŞ Ordusundan 1 milyard dollarlıq müqavilə alıb.
Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində həyata keçirilən müqaviləyə əsasən, istehsal işləri Massaçusets ştatındakı Tewksbury müəssisələrində aparılacaq. Proqramın 2031-ci ilə qədər tamamlanması planlaşdırılır.
“Raytheon” və Norveçin “Kongsberg Defence & Aerospace” şirkəti tərəfindən hazırlanan NASAMS sistemi döyüş təyyarələri, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına qarşı istifadə oluna bilir. Sistem AIM-120 AMRAAM, AMRAAM-ER və AIM-9X “Sidewinder” raketlərindən istifadə edir. Hədəf aşkarlanması və nişanalma prosesləri isə “Kongsberg” istehsalı olan atəş idarəetmə mərkəzi vasitəsilə həyata keçirilir.
“Raytheon”un Quru və Hava Müdafiə Sistemləri üzrə rəhbəri Tom Laliberti NASAMS sisteminin son dövrlərdəki əməliyyat uğurlarına diqqət çəkərək bildirib ki, sistemə qlobal tələbat sürətlə artır. Onun sözlərinə görə, NASAMS təyyarələrə, pilotsuz uçuş aparatlarına və qabaqcıl qanadlı raketlərə qarşı effektivliyini sübut edib.
Mütəxəssislər hesab edirlər ki, Küveytin hava hücumundan müdafiə ehtiyacları İran mənşəli təhdidlər, qanadlı raketlər və aşağı xərcli pilotsuz uçuş aparatları səbəbindən son illərdə daha kritik xarakter alıb. Hazırda “Patriot” hava hücumundan müdafiə sistemlərindən istifadə edən Küveytin NASAMS vasitəsilə xüsusilə orta mənzilli hava təhdidlərinə qarşı daha təbəqəli müdafiə strukturu qurmağı hədəflədiyi qeyd olunur.
ABŞ Dövlət Departamenti 2022-ci ildə Küveytə NASAMS əsaslı hava hücumundan müdafiə sistemi satışını təsdiqləmişdi. Təxminən 3 milyard dollar dəyərində qiymətləndirilən potensial paketə “Sentinel” radarları ilə yanaşı AMRAAM və “Sidewinder” raketlərinin də daxil olduğu açıqlanmışdı. NASAMS sisteminin əsas elementlərindən biri olan AN/MPQ-64 “Sentinel” radarı 360 dərəcə müşahidə sahəsində eyni anda 60-dan çox hədəfi izləyə bilir.
Sistem çoxsaylı buraxılış qurğuları, radarlar və atəş idarəetmə mərkəzlərindən ibarət paylanmış arxitektura sayəsində müxtəlif nöqtələrdən eyni vaxtda nişanalma həyata keçirə bilir. “Raytheon” həmçinin artan qlobal tələbatı qarşılamaq məqsədilə istehsal imkanlarını genişləndirmək üçün təchizat zəncirində genişmiqyaslı ilkin alışlar etdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az