İndoneziya “Scorpene” sualtı qayıqlarında ilkin istehsal mərhələsinə keçib

2026/05/1779907942.jpg
Oxunub: 343     22:47     27 May 2026    
İndoneziyanın dövlət müdafiə şirkəti PT PAL Hərbi Dəniz Qüvvələri üçün istehsal ediləcək “Scorpene” sinfinə məxsus dizel-elektrik hücum sualtı qayıqlarında ilkin istehsal mərhələsinə keçdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu addım Cakartanın dəniz müdafiəsini modernləşdirmək məqsədilə 2024-cü ildə başladığı və iki müasir sualtı qayığın yerli istehsalını nəzərdə tutan proqramın tərkib hissəsidir.

PT PAL tərəfindən yayılan açıqlamada bildirilib ki, yeni mərhələ layihələrin yekunlaşdırılması, istehsal sistemlərinin hazırlanması, infrastrukturun inkişaf etdirilməsi və tammiqyaslı tikinti prosesindən əvvəl personalın təlimini əhatə edir.

Qeyd olunub ki, inşa ediləcək sualtı qayıqlar Fransanın “Naval Group” gəmiqayırma şirkəti tərəfindən hazırlanan əsas “Scorpene” dizaynının modernləşdirilmiş versiyası olacaq.

Yeni platformalarda ənənəvi qurğuşun-turşu batareya sistemi əvəzinə tamamilə litium-ion batareyalardan istifadə ediləcəyi bildirilib. Bu yenilənmiş konfiqurasiya sayəsində havadan asılı olmayan hərəkət sistemi (AIP) olmadan daha yüksək davamlılıq, manevr qabiliyyəti və sualtı performans əldə edilməsi hədəflənir.

PT PAL prezidenti Kaharuddin Cenod proqramın İndoneziyanın müdafiə sənayesi potensialı baxımından mühüm dönüş nöqtəsi olduğunu bildirib. “İndoneziya ASEAN daxilində öz sualtı qayığını inşa edən ilk ölkə kimi tarixə düşür”, - deyə Cenod qeyd edib.

O vurğulayıb ki, layihə ölkənin litium-ion hərəkət texnologiyası kimi qabaqcıl gəmiqayırma həllərini idarə etmək qabiliyyətinin artdığını göstərir. “Scorpene” proqramının əsas elementlərindən biri də indoneziyalı mühəndislərin Fransanın Şerbur şəhərində “Naval Group” ilə keçdiyi təlim proqramıdır.

Təlimlərin məqsədi PT PAL heyətini sualtı qayığın kritik gövdə hissələrinin yerli şəkildə istehsalı və sertifikatlaşdırılması proseslərinə hazırlamaqdır. “Naval Group”un İndoneziya proqramları üzrə direktoru Vinsent Vimont əməkdaşlığın texnologiya transferi və sənaye infrastrukturunun gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

“Naval Group” ilə həyata keçirilən iddialı bacarıq transferi proqramı sayəsində İndoneziya yerli iqtisadiyyatı canlandırmağı və sənaye ekosisteminin imkanlarını gücləndirməyi hədəfləyir”, - deyə Vimont qeyd edib. O əlavə edib ki, təcrübəli gəmiqayırma zavodu olan PT PAL ilə imzalanan saziş bu məqsədlərin reallığa çevrilməsinə imkan verəcək.

Mütəxəssislər hesab edirlər ki, İndoneziyanın “Scorpene” proqramı Cənub-Şərqi Asiyada artan dəniz rəqabəti və sualtı qayıqların modernləşdirilməsi yarışının sürətləndiyi bir dövrdə ölkənin yerli müdafiə sənayesini və strateji çəkindirmə imkanlarını gücləndirmək strategiyasının mühüm hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Scorpene  


Bizi "telegram"da izləyin