Ağ Ev İranın ABŞ ilə razılaşma layihəsi barədə məlumatlarını “tam uydurma” adlandırıb

2026/05/1779901040.jpg
Oxunub: 351     20:52     27 May 2026    
Ağ Ev İran dövlət mediasının qarşılıqlı anlaşma memorandumu layihəsinin hazırlanması ilə bağlı yaydığı məlumatları qəti şəkildə təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin operativ cavab xidməti “X” sosial şəbəkəsində paylaşım edib.

Bəyanatda qeyd olunub ki, İranın nəzarətində olan media qurumlarının yaydığı məlumatlar həqiqəti əks etdirmir və onların “dərc etdiyi” memorandum tam saxtadır.

“Heç kim İran dövlət mediasının yaydığı məlumatlara inanmamalıdır. FAKTLAR ƏHƏMİYYƏTLİDİR”, - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, daha əvvəl İran dövlət televiziyası sənəd layihəsinin ABŞ Silahlı Qüvvələrinin İrana yaxın bölgələrdən çıxarılmasını və İran limanlarının dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutduğunu açıqlamışdı.

Bildirilir ki, bu detallardan bəziləri əvvəllər ABŞ rəsmilərinin mümkün razılaşma ilə bağlı səsləndirdiyi fikirlərlə qismən üst-üstə düşür.

Vaşinqton dəfələrlə Donald Trampın blokadanın aradan qaldırılmasına razı ola biləcəyini, lakin bunun yalnız İranın Hörmüz boğazından ticarət gəmilərinin maneəsiz keçidinə təminat verəcəyi halda mümkün olduğunu bildirmişdi.

Ağ Evin rəsmi nümayəndəsi Oliviya Ueyls IRIB-in məlumatlarını şərh edərkən ABŞ administrasiyasının mövqeyini açıqlayıb.

“Prezident Trampın da qeyd etdiyi kimi, danışıqlar prosesi konstruktiv istiqamətdə davam edir və o, bizim “qırmızı xətlər”imizi aydın şəkildə müəyyən edib. Prezident Tramp yalnız ABŞ xalqının maraqlarına uyğun olan və İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyinə zəmanət verən razılaşmanı qəbul edəcək”, - deyə Ueyls bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   İran   ABŞ  


Bizi "telegram"da izləyin