Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Mehridə bir sıra media qurumlarına verdiyi müsahibədə deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin “mədəni boşanma” ifadəsini şərh edərkən qeyd edib ki, Putin kifayət qədər səbirli siyasətçidir və maksimum ehtiyatlı ifadələr işlətməyə çalışır.
“Lakin onun bütün fəaliyyəti göstərir ki, elə bir məqam gəlir ki, səbir kasası dolur və həm özü, həm də ölkəsi çox sərt addımlara hazır olur”, - deyə Köçəryan bildirib.
O, Ukrayna məsələsini nümunə göstərib. “Ukraynanın Qərbə və NATO-ya inteqrasiya prosesi mənim prezidentliyim dövründə başlamışdı. Mən gördüm ki, Yuşşenkonun dövründə Rusiya bunu necə səbir və təmkinlə dayandırmağa çalışırdı. Burada da eyni model tətbiq olunur”, - deyə keçmiş erməni prezident qeyd edib.
Köçəryanın sözlərinə görə, Rusiyanın səbirli və təmkinli münasibəti çox zaman yanlış başa düşülür və yaranmış vəziyyəti 2-3 telefon zəngi ilə dəyişmək mümkün deyil.
O, müxalifətin Kremlin idarə etdiyi barədə hakimiyyətin ittihamlarına da münasibət bildirib.
“Müxalifət də eyni qaydada deyə bilər ki, hakimiyyət Brüssel, Vaşinqton və ya başqa bir mərkəzdən idarə olunur”, - deyə Köçəryan vurğulayıb.
Erməni siyasətçi qeyd edib ki, ölkədə əvvəl “qara-ağ”, “köhnə-yeni” qarşıdurması yaradıldığı kimi, indi də “qərbyönlü-rusiyapərəst” bölgüsü aparılır.
“Bu, həmin şəxsin mahiyyətidir: cəmiyyəti parçalamaq, nifrət yaratmaq və bu gərginlik içində öz yerini taparaq gündəmini irəli aparmaq”, - deyə o bildirib.
Köçəryan əvvəlki açıqlamalarını təkrarlayaraq vurğulayıb ki, Ermənistan əhalisinin 80 faizinin rifahı bu və ya digər şəkildə Rusiya ilə bağlıdır.
“Əgər sən Ermənistanın maraqlarını müdafiə edirsənsə, Rusiya agentinə çevrilirsən? Mən tam əks qiymət verərdim. Ölkənin maraqlarına 180 dərəcə zidd siyasət aparmaq necə adlandırılmalıdır? Bəlkə elə agent fəaliyyəti budur: başqa ölkələrin geosiyasi maraqları naminə öz xalqının və dövlətinin maraqlarına qarşı addımlar atmaq, Rusiyaya zərbə vurmaq və onu regiondan çıxarmağa çalışmaq”, - deyə keçmiş erməni prezident qeyd edib.
O əlavə edib ki, bu fikirləri müdafiə edənlər konkret arqumentlər təqdim etməlidirlər.
“Ortaqda predmetli müzakirə yoxdur. Etiketləmə arqument çatışmazlığının göstəricisidir”, - deyə Köçəryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az