Ordu.az xəbər verir ki, Robert Köçəryan bu barədə Zəngəzur vilayətinin Mehri şəhərində seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərlə görüşü zamanı danışıb.
“Hayastan” blokunun lideri qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə düşmən münasibətlərindədir, Ermənistan isə bu fonda Avropa İttifaqına yaxınlaşmaq xətti seçərək “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun qəbul edib.
“Məhz bu da Moskvanın narahatlığına səbəb olub”, - deyə Köçəryan bildirib.
Sabiq erməni prezident deyib ki, Rusiya bəyanatları ilə “özünü yığışdır” mesajı verir.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana dəvət olunması və burada səsləndirdiyi bəyanatlar da Rusiyanın normal qarşılayacağı addımlar deyildi.
“Bir tərəfdən düşmən addımlar atırsan, digər tərəfdən isə deyirsən ki, hər şey yaxşıdır, bu geosiyasi manevrdir. Amma geosiyasi məsələlərdə bu keçmir”, - deyə keçmiş prezident vurğulayıb.
Köçəryanın sözlərinə görə, Ermənistan hakimiyyətinin addımları məsuliyyətsiz davranış kimi qiymətləndirilir və Rusiyada bu, hörmətsizlik kimi qəbul olunur.
O, Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyində böyük təsir imkanlarına malik olması ilə bağlı açıqlamalarına da toxunub.
“Bu hansı təsirdir? Biz Avrasiya İqtisadi Birliyinin əsas ölkəsi olan Rusiya ilə münasibətləri görürük. Belarus ilə ümumiyyətlə əlaqə saxlamırsınız, səfiri geri çağırmısınız. Qırğızıstanla son illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmayıb. Qazaxıstanla müəyyən münasibətlər var. Bəs bu təsir nədə özünü göstərir?” - deyə Köçəryan sual verib.
Onun fikrincə, bəzi dövlətlər elə gücə malikdirlər ki, bütün razılaşmaları kənara qoyaraq yalnız öz milli maraqlarına uyğun hərəkət edə bilirlər.
“Belə dövlətlərdən biri də Rusiyadır. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bunu anlamayıb və cəmiyyəti çaşdırmağa çalışır”, - deyə Köçəryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az