Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Zəngəzur vilayətinin Mehri şəhərində seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərlə görüşü zamanı deyib.
“Hayastan” blokunun lideri qeyd edib ki, layihənin Ermənistana fayda verməsi üçün dəmir yolunun Arazdəyən yaşayış məntəqəsinə qədər uzadılacağına dair təminat olmalıdır.
“Lakin imzalanmış sənədlərdə belə bir müddəa yoxdur, yalnız ümumi ifadələr yer alıb”, - deyə Köçəryan bildirib.
O əmin olduğunu vurğulayıb ki,TRIPP layihəsi dəhliz məntiqi ilə həyata keçiriləcək.
“Azərbaycanın ən yüksək səviyyədə səsləndirdiyi bəyanatlar bunu göstərir, halbuki Ermənistan hakimiyyəti bunu inkar edir. Təcrübə göstərir ki, Azərbaycanın bəyanatları çox vaxt doğru çıxır, Nikol Paşinyanın açıqlamaları isə yox. Əgər deyirlərsə ki, azərbaycanlılar Ermənistan sərhədçilərini görməyəcək, bu, artıq Ermənistan cəmiyyətindən gizlədilmək istənilən problemin mövcudluğu deməkdir”, - deyə keçmiş erməni prezident bildirib.
Köçəryanın fikrincə, ABŞ-nin bu layihədə əsas marağı İran sərhədində mövcudluq əldə etməkdir.
O qeyd edib ki, xüsusilə Ermənistanın payı cəmi 26 faiz olduğu halda tranzit rüsumlarının həmin nisbətdə ciddi əhəmiyyət daşımadığı nəzərə alınarsa, bu baxımdan layihə problemlidir.
Sabiq erməni prezident çıxış yolu kimi layihənin miqyasının genişləndirilməsini və dəmir yolunun Arazdəyənə qədər uzadılmasını təklif edib.
“Həmçinin layihədə yalnız ABŞ-nin deyil, İranın etibar etdiyi digər ölkələrin də iştirakı təmin edilməlidir. Əks halda bu layihə geosiyasi maraqların toqquşması baxımından problemli olacaq. Əgər dəyişikliklər edilməzsə, İranla ciddi problemlər yaşayacağımıza şübhə etmirəm”, - deyə o vurğulayıb.
Köçəryan alternativ variant kimi avtomobil və dəmir yollarının Ermənistanın öz imkanları hesabına tikilməsini təklif edib.
“Bu halda yol geosiyasi komponent olmadan fəaliyyət göstərəcək. Təklif olunan variant isə Ermənistanla İran arasında gərginlik yaradacaq. Halbuki İran hazırda ABŞ ilə faktiki müharibə vəziyyətindədir”, - deyə o qeyd edib.
Müxalif erməni siyasətçinin fikrincə, Ermənistan sərhədlərində ABŞ nümayəndələrinin görünməsi halında İran sərhədi bağlaya bilər. “O bəyan edə bilər ki, Ermənistan artıq onun üçün maraqlı deyil”, - deyə Köçəryan bildirib.
Keçmiş erməni prezident qeyd edib ki, Ermənistan İranın xarici ticarət dövriyyəsində cəmi 0,2-0,3 faiz paya malikdir.
“İranda bunu hətta hiss etməyəcəklər. Amma Ermənistan üçün İran sərhədi yalnız qonşuluq deyil, həm də BƏƏ ilə iqtisadi əlaqələrin inkişafı və Hind okeanına çıxış imkanı deməkdir”, - deyə o vurğulayıb.
Köçəryan bildirib ki, 43 kilometrlik tranzit yoluna görə bütün bunları riskə atmaq rasional yanaşma deyil.
“TRIPP layihəsini həyata keçirməzdən əvvəl İranla danışıqlar aparmaq, onun mövqeyini anlamaq və mümkün nəticələri qiymətləndirmək lazım idi. Hazırda İran rəhbərliyi dəyişib və öz maraqlarını müdafiə etməkdə əvvəlkindən daha qətiyyətlidir. Bu baxımdan konkret addımlarla İranı inandırmaq lazımdır ki, layihə ona qarşı yönəlməyib”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu gün Rusiya ilə ABŞ Arktikada birgə layihələri müzakirə etdiyi halda, Ermənistan hakimiyyəti də onları TRIPP layihəsinə cəlb etməyə çalışa bilərdi.
“Əgər hakimiyyət bu istiqamətdə işləməyə belə cəhd etməyibsə, niyə əvvəlcədən bunun mümkünsüz olduğuna qərar verib?” - deyə Köçəryan sual edib.
O qeyd edib ki, ABŞ ilə danışıqlar apararaq Fars körfəzi ölkələrinin ABŞ hərbi bazalarına görə İranın mümkün zərbələri altında qaldığını xatırlatmaq və risklərin azaldılması üçün addımlar təklif etmək mümkün idi.
Köçəryan həmçinin qeyd edib ki, Çin də TRIPP layihəsinin iştirakçısına çevrilə bilərdi.
Alpər Mövludoğlu
Ordu.az