Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Zəngəzur vilayətinin Mehri şəhərində seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərlə görüşü zamanı deyib.
“Hayastan” blokunun lideri bildirib ki, ixracın şaxələndirilməsi ilə bağlı boş ritorika aparmaq əvəzinə, hakimiyyət Avropa İttifaqı ilə konkret razılaşmalar əldə etməli idi ki, Ermənistan kənd təsərrüfatı məhsulları həqiqətən Avropa bazarında tələb olunsun.
“Halbuki bu məhsulların 95 faizdən çoxu hazırda Rusiya bazarından asılıdır”, - deyə Köçəryan vurğulayıb.
O, Nikol Paşinyanın Rusiya məhdudiyyətlərini aşmaq üçün Axalkalaki-Qars dəmir yolundan istifadə oluna biləcəyi ilə bağlı bəyanatlarını şərh edərək hakimiyyəti abstrakt vədlərlə kifayətlənməməyə çağırıb.
“Konkret hesablamalar və logistika imkanları təqdim olunmalıdır”, - deyə o qeyd edib.
Köçəryan təklif olunan marşrutun onu ciddi şəkildə təəccübləndirdiyini bildirib.
“Tbilisi üzərindən keçən bu yol marşrutu əsassız şəkildə 1700 kilometr uzadır və nəticədə daşımaları iqtisadi baxımdan səmərəsiz edir”, - deyə keçmiş erməni prezident bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqında alternativ bazarlar axtarmaq barədə söhbətlər hökumət əsas suala cavab verməyənə qədər mənasızdır.
“Ermənistan istehsalı olan hansı məhsullar obyektiv olaraq Avropa istehlakçısı üçün rəqabətqabiliyyətlidir və ənənəvi, geniş Rusiya bazarını əvəz edə bilər?” - deyə Köçəryan sual edib.
Keçmiş erməni prezident əlavə edib ki, yeni nəqliyyat marşrutlarının açılması və Türkiyə ilə dəmir yolunun mümkün şəkildə blokdan çıxarılması ideyası özlüyündə pis deyil.
“Mən logistikanın genişləndirilməsinin əleyhinə deyiləm. Lakin bu məsələdə əsas məsələ yerli istehsalçının qorunmasıdır”, - deyə o bildirib.
Köçəryan vurğulayıb ki, Ermənistan və Türkiyə aqrar sahədə birbaşa rəqibdirlər və dövlət müdafiə mexanizmləri olmadan yerli kənd təsərrüfatı ciddi problemlərlə üzləşəcək.
“Ermənistan rəhbərliyi ayıq şəkildə Ermənistan məhsullarının rəqabət qabiliyyətini qiymətləndirməli və bazarların bağlanması mövzusunda manipulyasiyaları dayandırmalıdır. Çünki bu, yalnız iqtisadiyyata zərər vurur”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az