Ordu.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Məlumata görə, Moskva Kiyevə “Oreşnik” hipersəs raketi ilə zərbə endirib və artıq xarici vətəndaşları şəhəri tərk etməyə çağırır.
Analitiklər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinin “eqosu zədələnib” və o, Ukraynanın Moskva istiqamətində uzaqmənzilli zərbələrinə cavab verir.
Kiyev sakinləri hava həyəcanı siqnalları səsləndikdə təhlükəsizlik məqsədilə metro stansiyalarına sığınırlar. Yeraltı tunellər Rusiya tərəfindən həyata keçirilən uzunmüddətli pilotsuz uçuş aparatı və raket hücumları zamanı şəhər üzrə sığınacaq rolunu oynayır.
Lakin həftəsonu baş verən hücum paytaxta qarşı müharibənin başlanmasından etibarən ən böyük hücumlardan biri olub. 21 yaşlı Kiyev sakini Sofiya Melniçenko AFP-yə bildirib ki, üç güclü partlayışdan sonra metro tavanı çökməyə başlayıb. “Tam xaos idi. Uşaqlar qışqırır, insanlar panikaya düşürdü”, - deyə o qeyd edib.
Hücum zamanı Rusiyanın güclü “Oreşnik” hipersəs raketindən istifadə edildiyi bildirilir. Bu, nüvə başlığı daşımaq qabiliyyətinə malik ballistik raketin münaqişə dövründə üçüncü istifadəsi olub və Avropa liderləri bunu “təhlükəli” addım adlandırıblar.
“Oreşnik” raketi nüvə başlığı olmadan istifadə edilsə də, Moskva adi döyüş başlığı ilə tətbiq edilən bir neçə raketin güc baxımından “nüvə zərbəsi ilə müqayisə edilə biləcəyini” iddia edib.
Hava müharibəsindəki eskalasiya Ukraynanın Rusiya infrastrukturuna və sənaye obyektlərinə qarşı uzaqmənzilli hücumlarının artdığı bir dövrə təsadüf edir.
Vaşinqtonda yerləşən Müharibənin Araşdırılması İnstitutunun qiymətləndirmələrinə görə, Ukrayna qüvvələri son həftələrdə müəyyən əraziləri geri qaytarmağa başlayıb.
Buna cavab olaraq Vladimir Putin Ukrayna şəhərlərinə hücumları artırır və xarici vətəndaşları Kiyevi tərk etməyə çağıraraq daha “sistemli zərbələrin” gələcəyi ilə hədələyir.
Atlantik Şurasının Rusiya üzrə ekspertləri Moskvanın “aydın şəkildə zəiflədiyini”, lakin “zəifləyən Vladimir Putinin əvvəlkindən daha təhlükəli ola biləcəyini” qeyd ediblər.
Sevinc Əliyeva
Ordu.az