Ordu.az xəbər verir ki, Yeni Dehli rəhbərliyinin qarşıdakı həftələrdə sənədi Fransaya təqdim etməsi gözlənilir.
Qeyd olunur ki, bu proqram Hindistanın indiyədək həyata keçirdiyi ən böyük döyüş təyyarəsi tədarük layihələrindən biri olacaq və eyni zamanda Hindistan-Fransa müdafiə əməkdaşlığını yeni səviyyəyə yüksəldəcək.
Mənbələrin məlumatına görə, planlaşdırılan müqavilə çərçivəsində 114 ədəd “Rafale” döyüş təyyarəsinin təxminən 90-ı Hindistanda istehsal ediləcək.
İstehsalın Fransanın “Dassault Aviation” şirkəti ilə hindistanlı şirkət arasında yaradılacaq tərəfdaşlıq modeli üzərindən həyata keçirilməsi planlaşdırılır. Qalan təyyarələrin isə birbaşa Fransadan təhvil veriləcəyi bildirilir.
Hindistan tərəfinin “Rafale” istehsal ekosistemində yerli şirkətlərin rolunun artırılmasını tələb etdiyi və təyyarələrdə 50 faizə qədər yerli iştirak səviyyəsini hədəflədiyi qeyd olunub.
Mənbələrin bildirdiyinə görə, Fransa Sorğu Məktubuna cavab verdikdən sonra Hindistan rəsmi Təklif Sorğusu prosesinə başlayacaq.
Fransanın:
Qiymətləndirmə
Təhvil cədvəli
Logistika dəstəyi
Texniki xidmət və təlim infrastrukturu kimi detalları əhatə edən rəsmi təklif təqdim etməsindən sonra tərəflər arasında danışıqların başlanması gözlənilir.
Yekun sazişin isə Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinin təsdiqindən sonra imzalanacağı bildirilir.
Hindistan Hərbi Hava Qüvvələri hazırda 36 ədəd “Rafale” döyüş təyyarəsindən aktiv şəkildə istifadə edir.
Bundan əlavə, Hindistan Hərbi Dəniz Qüvvələrinin də aviadaşıyıcılarda istifadə olunmaq üçün 26 ədəd “Rafale” M döyüş təyyarəsini inventara daxil etməyə hazırlaşdığı qeyd olunur.
Yeni “Rafale” tədarükünün:
Logistika proseslərini asanlaşdırması
Texniki xidmət xərclərini azaltması
Təlim infrastrukturunda ortaq istifadə üstünlüyü təmin etməsi gözlənilir.
Hindistan rəsmiləri gələcək müdafiə layihələrində yalnız alıcı-satıcı münasibətlərinin deyil, ortaq istehsal və ortaq inkişaf modelinin ön plana çıxacağını bildirirlər.
Açıqlamalarda döyüş təyyarələrinin istehsalı və yeni nəsil mühərriklərin hazırlanması layihələrində:
Ortaq dizayn
Ortaq istehsal
Texnologiya transferi
Yerli sənaye inteqrasiyası kimi istiqamətlərin həlledici olacağı qeyd edilib.
Hindistanın “Make in India” təşəbbüsü ilə Fransanın strateji muxtariyyət yanaşmasının iki ölkə arasında müdafiə sənayesi tərəfdaşlığının əsas elementlərindən birinə çevrildiyi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az