Ordu.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, proqram mexanikləşdirilmiş quru qoşunları, təbəqəli hava hücumundan müdafiə sistemləri, Qara dəniz təhlükəsizliyi və NATO-nun şərq cinahındakı logistika infrastrukturunu əhatə edir.
Bildirilir ki, Polşadan sonra SAFE proqramı çərçivəsində ikinci ən böyük müdafiə paketi Rumıniyaya ayrılıb.
SAFE mexanizmi Avropa İttifaqının müdafiə sənayesi potensialını artırmaq və üzv ölkələrin sürətli hərbi satınalmalarını maliyyələşdirmək məqsədilə yaradılmış 174,6 milyard dollarlıq ortaq fond hesab olunur.
Rumıniyanın proqram çərçivəsində yeni nəsil piyada döyüş maşınları, hava hücumundan müdafiə sistemləri, açıq dəniz patrul gəmiləri, gəmi əleyhinə raket sistemləri, “Airbus” H225M helikopterləri, “gəzən sursat” sistemləri və mini kəşfiyyat pilotsuz uçuş aparatları alacağı bildirilib.
Məlumata görə, paketin 11,6 milyard dollarlıq hissəsi 2026-2030-cu illərdə həyata keçiriləcək 21 müdafiə layihəsinə ayrılıb. Quru Qoşunlarının modernləşdirilməsi proqramın əsas istiqaməti hesab olunur.
Bu çərçivədə “Rheinmetall” ilə imzalanmış müqaviləyə əsasən sovet dövründən qalan MLI-84 platformalarının əvəzinə ümumilikdə 298 ədəd tırtıllı piyada döyüş maşını alınacaq.
İlk mərhələdə 2030-cu ilə qədər 232 maşının təhvil verilməsi planlaşdırılır. Rumıniyanın “General Dynamics European Land Systems” ilə müqavilə çərçivəsində 359 ədəd “Piranha 5” zirehli platforması da alacağı qeyd olunub.
Logistika istiqamətində isə 16 fərqli konfiqurasiyada 1115 ədəd “Iveco” hərbi nəqliyyat vasitəsinin satın alınması nəzərdə tutulur. Rumıniya Qara dəniz üçün yeni təbəqəli hava hücumundan müdafiə şəbəkəsi də qurur.
Məlumata görə, proqram çərçivəsində 7 ədəd “Rheinmetall Skynex” pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemi, 2 ədəd “Skyranger 35” mobil VSHORAD sistemi, 12 ədəd “Gap Filler” radar sistemi və orta mənzilli hava hücumundan müdafiə sistemləri təchiz ediləcək.
Yeni sistemlərin mövcud “Patriot”, “Hawk-21”, “Gepard”, “Chiron” və “Mistral” hava hücumundan müdafiə arxitekturası ilə inteqrasiya olunacağı bildirilib. Rumıniya Hərbi Dəniz Qüvvələri üçün isə 2 açıq dəniz patrul gəmisi, 2 dalğıc müdaxilə gəmisi və 55 ədəd NSM gəmi əleyhinə raket sisteminin alınması planlaşdırılır.
Bundan əlavə, Rumıniyanın təxminən 991,8 milyon dollar qarşılığında 12 ədəd “Airbus” H225M helikopteri alacağı qeyd olunub. Məlumata görə, H225M yüksək daşıma qabiliyyəti, davamlılıq, avionik infrastrukturu və çoxməqsədli imkanlarına görə seçilib.
Helikopterin 30-a yaxın hərbçi daşımaq, döyüş axtarış-xilasetmə, taktiki nəqliyyat və xüsusi təyinatlı əməliyyatları icra etmək qabiliyyətinə malik olduğu vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az