Ordu.az xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis hökumətin fəaliyyəti ilə bağlı həftəlik milli qiymətləndirmə hesabatında Milli Təhlükəsizlik Hökumət Şurasının son iclasında qəbul edilən qərarları ictimaiyyətlə bölüşüb.
Miçotakis Yunanıstan Hərbi Dəniz Qüvvələrinin qarşıdakı illərdə əməliyyat imkanlarını artıracaq iki ədəd İtaliya istehsalı FREMM (“Bergamini” sinfi) freqatının alınmasının və hazırda istismarda olan MEKO 200 HN sinfinə məxsus freqatların yarımömür modernləşdirilməsi proqramının rəsmi şəkildə təsdiqləndiyini açıqlayıb.
Baş nazir həmçinin Silahlı Qüvvələrin rabitə təhlükəsizliyini maksimum səviyyəyə çatdırmaq məqsədilə yeni kriptoqrafik cihazların alınması prosesinin başladıldığını bildirib.
Məlumata görə, Yunanıstana təhvil veriləcək gəmilər İtaliya Hərbi Dəniz Qüvvələrinin inventarında yer alan “Carlo Bergamini” və “Virginio Fasan” freqatlarıdır. Hər hansı problem yaranmasa, gəmilərin müvafiq olaraq 2029 və 2030-cu illərdə Yunanıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Qeyd olunur ki, gəmilərin ilkin alış xərcinin 480-500 milyon avro arasında olacağı gözlənilir. Lakin raketlər, torpedolar, sursat və uzunmüddətli texniki-logistika dəstək paketləri də daxil olmaqla proqramın ümumi xərcinin 750-850 milyon avro arasında dəyişəcəyi bildirilir.
Yunanıstan və İtaliya arasında hökumətlərarası formatda həyata keçiriləcək proqram üzrə yekun müqavilənin 2026-cı ilin sonunadək imzalanacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az