Ordu.az xəbər verir ki, Tayvan administrasiyası hökuməti mayın 22-də yaydığı açıqlamada ABŞ-dən mümkün silah satış gecikmələri barədə onlara heç bir məlumat verilmədiyini bildirib.
Məlumata görə, Çin tərəfindən öz ərazisi hesab edilən Tayvan administrasiyası ABŞ-nin dəyəri 14 milyard dollara çata biləcək yeni silah paketini təsdiqləməsini gözləyir.
Lakin ABŞ Prezidenti Donald Tramp ötən həftə Pekində Çin Prezidenti Si Cinpin ilə keçirdiyi görüşdən sonra bu paketi təsdiqləyib-təsdiqləməmək məsələsində tərəddüd etdiyini demişdi.
Mayın 21-də ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri səlahiyyətlərini icra edən Hunq Kaoya Senatın Müdafiə Alt Komitəsinin iclasında Tayvan administrasiyasına gələcək silah satışları barədə sual verilib.
Kaonun sözlərinə görə, ABŞ müəyyən xarici hərbi satışlar həyata keçirib, lakin hazırda “Epic Fury” əməliyyatı üçün kifayət qədər sursat ehtiyatına malik olduğundan əmin olmaq məqsədilə fasilə verilir.
O bildirib ki, ABŞ bütün ehtiyatların mövcud olduğuna əmin olduqdan sonra administrasiya lazım bildiyi təqdirdə xarici hərbi satışlar davam etdiriləcək.
Kaonun sözlərinə görə, Tayvan administrasiyasına satışların təsdiqlənməsi müharibə naziri Pit Heqset və dövlət katibi Marko Rubionun qərarından asılı olacaq.
Bu açıqlamadan sonra Tayvan Prezident Administrasiyasının sözçüsü Karen Kuo bildirib ki, onlar bu bəyanatları nəzərə alıblar. O qeyd edib ki, hazırda ABŞ tərəfinin hərbi satışlarla bağlı hər hansı dəyişiklik etdiyi barədə Tayvana rəsmi məlumat daxil olmayıb.
Tayvan administrasiyasının Müdafiə Nazirliyi də silah satışlarında gecikmə ilə bağlı onlara heç bir bildiriş göndərilmədiyini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, silah satışlarının plana uyğun davam etməsini təmin etmək üçün ABŞ-nin təhlükəsizlik əməkdaşlığı siyasəti diqqətlə izlənilir və Vaşinqtonla sıx koordinasiya və əlaqə saxlanılır.
Sevinc Əliyeva
Ordu.az