Livan prezidenti: “Hərbi üsullar İsrailin şimalına sülh gətirməyəcək”

2026/06/1780673782.jpg
Oxunub: 226     19:34     05 İyun 2026    
Livan Prezidenti Cozef Aun hərbi üsulların İsrailin şimal bölgəsində yaşayan insanların təhlükəsizliyini təmin etməyəcəyini bildirib və münaqişənin daimi müharibə ilə deyil, diplomatik yollarla həllinə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.

Aun Livanın danışıqlara hazır olduğunu vurğulayıb və atəşkəs razılaşması əldə olunacağı təqdirdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə tarixdə ilk görüşün baş tuta biləcəyini istisna etməyib.

Livan prezidentinin fikrincə, Netanyahu və “Hizbullah” hərəkatı faydasız müharibə aparır. O qeyd edib ki, hər iki ölkənin xalqları 1948-ci ildən davam edən qarşıdurmadan yorulub və diplomatik həll yolunu seçmək imkanına malikdir.

Məlumata görə, hazırkı gərginlik ABŞ və İsrailin İrana qarşı əməliyyatından sonra “Hizbullah”ın İsrail şəhərlərinə endirdiyi zərbələrdən sonra başlayıb. Həmin əməliyyat nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei və yüksək rütbəli hərbi komandanlıq nümayəndələrinin həlak olduğu bildirilir.

Qeyd olunur ki, Livanda İsrail əməliyyatlarının davam etdiyi üç ay ərzində 3500-dən çox insan ölüb, ölkə əhalisinin beşdə biri qaçqına çevrilib. İsrail isə bu müddətdə bufer zona yaratmaq məqsədilə Livanın cənubunda geniş əraziləri işğal edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin