Zelenski Ukraynaya Aİ-də “assosiasiyalı” üzvlük verilməsi təklifini “ədalətsiz” adlandırıb

2026/05/1778567285.jpg
Oxunub: 359     14:11     23 May 2026    
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda Almaniyanın Ukraynaya Avropa İttifaqında “assosiasiyalı” üzvlük verilməsi təklifini “ədalətsiz” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniya kansleri Fridrix Merts Ukraynaya səsvermə hüququ olmadan Aİ iclaslarında iştirak etməyə imkan verilməsini tamhüquqlu üzvlüyə keçid üçün aralıq addım kimi təklif etmişdi.

Onun fikrincə, bu yanaşma Rusiyanın işğalı ilə başlanan dörd illik müharibəyə son qoyulması barədə razılaşmanın əldə olunmasına kömək edə bilərdi.

Buna cavab olaraq Zelenski cümə gecəsi göndərdiyi məktubda, ötən ay keçirilmiş seçkilərdən sonra Macarıstan baş naziri Viktor Orbanın Ukraynanın Aİ-yə üzvlüyünün qəti əleyhdarları sırasından getməsinin üzvlük danışıqlarında ciddi irəliləyiş üçün imkan yaratdığını qeyd edib.

“Ədalətsiz olardı ki, Ukrayna Avropa İttifaqında olsun, amma səsvermə hüququndan məhrum qalsın”, - deyə Zelenski məktubunda vurğulayıb.

“Ukraynanın üzvlüyü məsələsində tam və məzmunlu addımlarla irəliləməyin vaxtıdır”, - deyə o bildirib.

Məktub Avropa Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və hazırda Aİ Şurasına sədrlik edən Kipr Prezidenti Nikos Kristodulidisə ünvanlanıb.

Zelenski Avropa liderlərinə müharibə dövründə göstərdikləri dəstəyə görə təşəkkür edib və Ukraynanın 27 ölkədən ibarət bütün alyans üçün Rusiya aqressiyasına qarşı sipər rolunu oynadığını deyib.

“Biz Avropanı tam şəkildə qoruyuruq, qismən və ya yarımçıq deyil. Ukrayna Avropada ədalətli yanaşma və bərabər hüquqlara layiqdir”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna    


Bizi "telegram"da izləyin