Ordu.az xəbər verir ki, quru əsaslı platforma kimi hazırlanan sistem elektromaqnit spektri üzərində düşmən yayımlarını aşkarlayaraq müəyyən etmə, tanıma və koordinatlandırma tapşırıqlarını yerinə yetirir.
Məlumata görə, sistem heç bir siqnal yayımı həyata keçirmədiyi üçün operatorun düşmən qüvvələri tərəfindən aşkarlanmasına imkan vermədən fəaliyyət göstərir.
“Guardian Vantage”ın əsas fəaliyyət prinsipi radarlar, rabitə şəbəkələri, pilotsuz uçuş aparatı idarəetmə bağlantıları və radioelektron mübarizə sistemləri kimi elektromaqnit yayımı həyata keçirən bütün vasitələrin spektrdə buraxdığı izlərin təhlilinə əsaslanır.
Sistem əldə edilən məlumatları təhdid məlumat bazası ilə müqayisə edərək davamlı yenilənən “elektron döyüş düzəni” xəritəsi yaradır.
Beləliklə, istifadəçilər yalnız düşmən elementlərinin mövcudluğunu deyil, hansı sistemlərin aktiv olduğunu, harada yerləşdiyini və fəaliyyət nümunələrinə əsasən ehtimal olunan niyyətlərini də qiymətləndirə bilir.
“Leonardo”nun açıqlamasına görə, sistem real vaxt rejimində radio danışıqlarını mətnə çevirə bilir və böyük dil modellərindən istifadə edərək xarici dillərdəki danışıqları operatorun ana dilinə tərcümə edir. Bu xüsusiyyətin xüsusilə çoxmillətli əməliyyatlarda kəşfiyyat proseslərini sürətləndirməsi nəzərdə tutulur.
“Guardian Vantage” dörd əsas mərhələdə fəaliyyət göstərir. “Detect” modulu istifadəçinin müəyyən etdiyi parametrlərə əsasən siqnalları avtomatik aşkarlayır. “Recognise” bölməsi siqnal xüsusiyyətlərini təhlil edərək təhdid təsnifatı aparır. “Identify” mərhələsi siqnal növünü yüksək dəqiqliklə müəyyən edir. “Locate” modulu isə istiqamət təyini və coğrafi koordinat texnologiyaları vasitəsilə hədəfin dəqiq koordinatlarını çıxarır.
Sistem tək sensor kimi fəaliyyət göstərə bildiyi kimi, şəbəkə dəstəkli arxitektura ilə birdən çox sensorun birlikdə işləməsinə də imkan yaradır. Bu struktur sayəsində fərqli nöqtələrdən alınan siqnallar üçbucaqlama üsulu ilə təhlil edilərək hədəfin koordinatları daha yüksək dəqiqliklə müəyyən edilir. “Guardian Vantage” həmçinin radar elektron dəstək tədbirləri imkanına da malikdir.
Şirkət bildirib ki, bu modul aşağı ölçü, çəki və enerji sərfiyyatı ilə işləyir. Bu xüsusiyyət xüsusilə nəqliyyat vasitələrinə inteqrasiya zamanı platforma üzərindəki fiziki və enerji yükünü azaltmağa yönəlib. Sistem eyni zamanda elektron kəşfiyyat tapşırıqlarını da dəstəkləyir.
Bu çərçivədə tanınmayan rabitə və digər yayımlar zamanla təhlil edilərək düşmənin elektron döyüş strukturu barədə daha geniş strateji kəşfiyyat məlumatı formalaşdırılır.
Qeyd olunub ki, “Guardian Vantage”ın təqdim edildiyi “AOC Europe 2026” tədbiri “Elektromaqnit Spektr Üstünlüyü üçün Avropanın Yenidən Silahlanması” mövzusu altında keçirilir. Konfransın əsas mövzusu Ukrayna müharibəsində elektromaqnit spektrinə nəzarətin müasir döyüş meydanında kritik elementə çevrildiyini nümayiş etdirir.
Rusiya və Ukrayna arasında davam edən müharibədə qarışdırma, aldatma, pilotsuz uçuş aparatlarının tezliklərinin istismarı və əks-pilotsuz uçuş aparatı radiotezlik aşkarlama fəaliyyətlərinin əməliyyat nəticələrində mühüm rol oynadığı vurğulanıb.
“Leonardo”nun kampaniya meneceri Mayk Braun bildirib ki, “Guardian Vantage” komandirlərə düşmənin nə etdiyini və harada fəaliyyət göstərdiyini görmək imkanı verir və elektromaqnit spektrini həlledici əməliyyat üstünlüyünə çevirir.
Şirkət həmçinin sistemin açıq arxitektura əsasında hazırlandığını və UK STICS, CMOSS, Open VPX, MORA, AOCO və GVA standartları ilə uyğunluq göstərdiyini açıqlayıb.
Bu yanaşma sayəsində “Guardian Vantage”ın mövcud platformalara daha asan inteqrasiya olunması, avadanlıq dəyişikliklərinə ehtiyac olmadan yenilənməsi və müxtəlif komanda-idarəetmə şəbəkələri ilə birlikdə fəaliyyət göstərə bilməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az