Ordu.az xəbər verir ki, bu barədə Fransada yerləşən müdafiə media qurumu məlumat yayıb.
Məlumata görə, raketin rabitə sxemləri və radar xüsusiyyətləri təhlil edilərək radioelektron mübarizə məlumat bazalarına daxil edilib. Bildirilib ki, raketin ixrac versiyasında özünü məhv etmə mexanizminin olmaması bu araşdırmanı mümkün edib.
Qeyd olunub ki, müasir raket sistemlərində nadir rast gəlinən bu xüsusiyyət Hindistana mühüm kəşfiyyat üstünlüyü qazandırıb. PL-15E raketlərinin Pakistan inventarındakı JF-17 və J-10C döyüş təyyarələrində istifadə edildiyi, əldə edilən məlumatların isə Hindistanın hava hücumundan müdafiə imkanları baxımından kritik əhəmiyyət daşıdığı vurğulanıb.
Raketin Pəncab ştatının Hoşiarpur bölgəsində yerləşən Kamahi Devi kəndi yaxınlığında tapıldığı bildirilib. Mayın 9-da ələ keçirilən raketin Hindistan ərazisində təxminən 100 kilometr irəlilədikdən sonra yerə düşdüyü qeyd olunub.
Ortaq qiymətləndirmələrə əsasən, raketin Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 və ya J-10C döyüş təyyarəsindən buraxıldığı ehtimal edilir. Çin istehsalı olan PL-15E-nin təxminən 145 kilometr mənzilə malik olduğu və ikili impulslu bərk yanacaqlı raket mühərrikindən istifadə etdiyi bildirilib.
Bəzi hesabatlarda raketin sürətinin Mach 5-dən yuxarı qalxa bildiyi qeyd olunub. DRDO və Hindistan Hərbi Hava Qüvvələrinin laboratoriyalarında aparılan texniki araşdırmalar nəticəsində raketin tezlik çevikliyi məntiqi, radar yayımları və məlumat bağlantısı formatlarının çözüldüyü bildirilib.
Əldə edilən məlumatların Hindistanın təhdid kitabxanalarına daxil edildiyi və bunun sayəsində Hindistan döyüş təyyarələrinin Pakistanın hava vasitələrinə qarşı daha effektiv radioelektron mübarizə tədbirləri həyata keçirə biləcəyi vurğulanıb. Məlumata görə, bu inkişaf raketin hədəf izləmə və təsnifat rejimləri ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırıb.
Beləliklə, Hindistan operatorlarının PL-15E raketini aşkarlamaq, qarışdırmaq və təsirsiz hala gətirmək üsulları barədə daha dəqiq məlumat əldə etdiyi qeyd olunub. Raketdə özünü məhv etmə mexanizminin olmaması onun elektron və hərəkətverici sistemlərinin detallı şəkildə araşdırılmasına imkan yaradıb.
Hindistanlı mütəxəssislərin raketin təhlükəsiz məlumat bağlantısı strukturu ilə radar davranışlarını ətraflı təhlil edərək istifadəyə yararlı elektron profillərə çevirdiyi bildirilib. Əldə edilən parametrlərin qısa müddətdə proqram təminatı yeniləmələri vasitəsilə Hindistan döyüş təyyarələrinə inteqrasiya edildiyi vurğulanıb.
Beləliklə, ön xəttdə xidmət edən təyyarələrin PL-15E raketinə qarşı xüsusi əks-tədbirlərlə təchiz edildiyi qeyd olunub. Məlumata görə, DRDO PL-15E-də istifadə edilən bəzi texnologiyaları yerli “Astra” MK-2 “hava-hava” raketi proqramına inteqrasiya etməyi planlaşdırır.
Xüsusilə qarışdırmaya davamlı sistemlər və qabaqcıl yanacaq texnologiyalarının araşdırıldığı bildirilib.
Qeyd olunub ki, PL-15E-nin ələ keçirilməsi Hindistan-Pakistan hava rəqabətinin texnoloji aspektini də ön plana çıxarıb. Pakistanın Çin istehsalı JF-17 və J-10C platformalarına əsaslanan hava gücünə qarşı Hindistanın yerli müdafiə sistemləri və sürətli uyğunlaşma yanaşmasını davam etdirdiyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az