Putin: “Nüvə triadası Rusiya və Belarusun suverenliyinin təminatçısı olmalıdır”

2026/05/1779377660.jpg
Oxunub: 335     19:24     21 May 2026    
Rusiya Prezidenti Vladimir Putin nüvə triadasının Rusiya və Belarus İttifaq Dövlətinin suverenliyinin təminatçısı olmalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Putin bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə videokonfrans zamanı səsləndirib.

Onun sözlərinə görə, dünyada gərginliyin artması, yeni təhdid və risklərin meydana çıxması fonunda nüvə triadası əvvəlki kimi etibarlı təhlükəsizlik təminatı funksiyasını yerinə yetirməlidir.

Videobağlantı zamanı iki ölkənin silahlı qüvvələri nüvə qüvvələrinin tətbiqi üzrə təlim keçirib.

Məlumata görə, Rusiya və Belarus birgə nüvə təlimlərinə 2026-cı il mayın 19-dan başlayıb və təlimlər mayın 21-dək davam edəcək.

Putin qeyd edib ki, bu, strateji və taktiki nüvə qüvvələrinin idarə olunması üzrə iki ölkənin ilk birgə təlimidir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, tədbirlərdə Strateji Raket Qoşunları, Şimal və Sakit okean donanmaları, uzaqmənzilli aviasiya komandanlığı, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin qüvvələrinin bir hissəsi iştirak edir.

Təlimlərə 64 mindən çox hərbçi və 7,8 mindən artıq hərbi texnika cəlb olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin