Ordu.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Fedorışev məlumat verib.
“Düşmənin qeyri-insani hərəkətləri nəticəsində iki nəfər həlak olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralananlar da var və onlara zəruri yardım göstərilir”, - deyə o, “Telegram” kanalında yazıb.
“Astra” və Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, hədəf “Rosneft”ə məxsus Sizran neft emalı zavodu olub.
Yerli sakinlərin paylaşdığı görüntülərdən məlum olur ki, zərbədən sonra müəssisədə güclü yanğın başlayıb və göyə qalın qara tüstü qalxıb.
İldə 8,5 milyon tona qədər neft emal edən zavod sonuncu dəfə aprelin 18-də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı.
Həmin vaxt texnoloji avadanlıqlar zədələnmiş, nəticədə AVT-6 ilkin neft emalı qurğusunun fəaliyyəti dayandırılmışdı. Bildirilir ki, müəssisənin gücünün 70%-dən çoxu məhz bu qurğunun payına düşür.
Hücum zamanı yaşayış evlərinə də ziyan dəyib. “Astra”nın məlumatına görə, bu, radioelektron mübarizə vasitələrinin tətbiqinə işarə edə bilər.
“Reuters”in məlumatına görə, son iki həftədə Ukrayna pilotsuz uçuş aparatlarının həyata keçirdiyi hücumlar nəticəsində Mərkəzi Rusiyadakı bütün iri neft emalı zavodları ya fəaliyyətini tam dayandırmağa, ya da istehsal həcmini əhəmiyyətli dərəcədə azaltmağa məcbur olub.
Hücumlara məruz qalan müəssisələr arasında Moskva, Nijni Novqorod, Ryazan və Yaroslavl neft emalı zavodları da var.
Tam və ya qismən fəaliyyətini dayandırmış müəssisələrin ümumi gücü ildə 83 milyon tonu ötür ki, bu da Rusiyanın ümumi istehsal potensialının təxminən dörddəbirinə bərabərdir.
“Reuters”in hesablamalarına görə, həmin müəssisələr birlikdə Rusiyada istehsal olunan avtomobil benzininin 30%-dən çoxunu və dizel yanacağının təxminən 25%-ni təmin edir.
Bununla yanaşı, zədələnmiş müəssisələrin istehsal çatışmazlığını kompensasiya edə biləcək digər zavodlar da hücumlara məruz qalıb və hazırda ya fəaliyyəti dayandırılıb, ya da aşağı güclə işləyir.
Xüsusilə, hazırda “Permnefteorqsintez” zavodu və Həştərxan qaz emalı zavodu fəaliyyət göstərmir, Novokuybışevsk zavodu isə gücünün yalnız dörddə biri səviyyəsində işləyir.
Sevinc Əliyeva
Ordu.az