Ordu.az xəbər verir ki, “Hensoldt” tərəfindən hazırlanmış AESA radarı ilə təchiz edilən təyyarə Almaniya Hərbi Hava Qüvvələrinin (Luftwaffe) imkanlarını genişləndirməyə və NATO-nun şərq cinahında çəkindirməsini gücləndirməyə yönəlmiş geniş modernləşdirmə prosesinin konkret göstəricisi kimi önə çıxır.
GS0115 istehsal nömrəli və 34+03 xidmət qeydiyyatına sahib təkoturacaqlı təyyarə “Quadriga” layihəsi çərçivəsində 2020-ci ilin noyabrında verilən 38 ədədlik sifarişin ictimaiyyətə çıxan ilk nümunəsini təmsil edir. Almaniyanın bu təyyarələrin 31-ni təkoturacaqlı, yeddisini isə ikitəkərli kimi təhvil alması planlaşdırılır. Təhdilatların 2025-2030 dövrünə yayılması nəzərdə tutulur.
Şirkət rəsmilərinin sözlərinə görə, Mançinqdə bir neçə “Tranche 4” nümunəsi artıq tamamlanıb, lakin hələlik onların heç biri uçuş həyata keçirməyib. Uçuş sınaqlarının yaxın həftələrdə başlaması gözlənilir.
AESA radarı: kritik boşluğun aradan qaldırılması
“Tranche 4”ün ən əsas texniki yeniliyi “Eurofighter” inventarında uzun müddətdir aradan qaldırılmayan boşluğu dolduran AESA radarıdır. “Hensoldt” tərəfindən hazırlanmış Avropa Birgə Radar Sisteminin (ECRS) ilk təhvilatlar üçün “Mk 0” variantı ilə təqdim olunacağı təsdiqlənib. Qəti standart sayılan “Mk 1”ə keçidin isə sonrakı tədarüklərlə həyata keçirilməsi planlaşdırılır.
AESA texnologiyası mexaniki skanlı massivlərlə müqayisədə daha uzun məsafədə hədəf aşkarlanması, çoxsaylı hədəfləri izləmək qabiliyyəti və radioelektron mübarizə mühitində daha yüksək dözümlülük təmin edir. Bu xüsusiyyətlər pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radar izi olan təhdidlərə qarşı effektivliyi nəzərəçarpacaq dərəcədə artırır.
Genişlənən park və strateji çeşidləndirmə
Hazırda 138 “Eurofighter”lıq inventarı istismar edən “Luftwaffe” “Tranche 4” tədarükləri ilə yanaşı, 20 ədədlik “Tranche 5” sifarişini də rəsmiləşdirib. Müqavilə ötən ilin sonlarında imzalanıb. Bundan əlavə, “Tornado” döyüş təyyarəsinin qismən əvəzlənməsi üçün 55 əlavə “Eurofighter” alınması planlaşdırılır. Bu addım ümumi “Tranche 4” sayını 93-ə çatdıracaq.
“Tornado” parkının nüvə çəkindirmə tapşırığını təhvil alacaq 35 ədəd F-35A-nın alınması isə prosesin ayrıca bir ölçüsünü təşkil edir. F-35A-lar, “Joint Strike Missile” (JSM) qanadlı raketinin inteqrasiyası da daxil olmaqla, Almaniyanın konvensional uzaqmənzilli hücum imkanına da töhfə verəcək.
Radioelektron mübarizə və pilotsuz uçuş aparatları inteqrasiyası
“Quadriga”dan kənarda qalan, lakin strateji baxımdan yüksək əhəmiyyət daşıyan başqa bir layihə mövcud 15 “Eurofighter”ın radioelektron mübarizə təyyarəsinə (Typhoon EK) çevrilməsini nəzərdə tutur. “Saab”ın “Arexis” radioelektron mübarizə sistemi ilə təchiz ediləcək bu təyyarələr “AGM-88E” Təkmilləşdirilmiş Anti-Radiasiya İdarəolunan Raketləri (AARGM) vasitəsilə düşmənin hava hücumundan müdafiə sistemlərini susdurmaq və məhv etmək (SEAD/DEAD) qabiliyyəti qazanacaq. Bununla da 1990-cı illərdən bəri xidmət göstərən “Tornado ECR” parkını əvəz edəcəklər.
“Eurofighter” parkının gələcəkdə pilotsuz uçuş aparatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi də “Luftwaffe”nin əsas gündəm mövzularından biridir. 2030-a yaxın xidmətə qəbul edilməsi planlaşdırılan bu sahədə XQ-58A “Valkyrie”, “Airbus”ın hazırladığı “Wingman” konsepsiyası, “Boeing Australia” və “Rheinmetall” tərəfdaşlığındakı MQ-28 “Ghost Bat”, eləcə də “Helsing”in CA-1 “Europa” platforması namizəd sistemlər arasında göstərilir.
FCAS qeyri-müəyyənliyi və “Eurofighter”ın artan çəkisi
Almaniyanın “Eurofighter”a verdiyi önəmin artmasının arxasında təkcə əməliyyat ehtiyacları deyil, Fransa ilə həyata keçirilən Gələcəyin Döyüş Hava Sistemi (FCAS) proqramındakı dərin gərginliklər də mühüm rol oynayır. İnsanlı Yeni Nəsil Döyüş Təyyarəsini (NGF) mərkəzə alan bu altıncı nəsil proqramla bağlı tərəfdaşlıq quruluşu barədə Berlin və Paris arasında razılaşmazlıq davam edir. Alman müdafiə dairələrinin proqramdan asılı olmayan alternativ ssenariləri də gündəmdə saxladığı bildirilir.
FCAS-ın müəyyən edilmiş qrafik üzrə həyata keçirilmə ehtimalı azaldıqca, “Eurofighter”ın “Luftwaffe”də mərkəzi mövqeyini gözləniləndən xeyli daha uzun müddət qoruyacağı qiymətləndirilir.
Rusiya təhdidinə cavab: struktur dəyişiklik
“Luftwaffe”yə yönələn bu genişmiqyaslı yatırımlar Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsindən sonra Alman Silahlı Qüvvələrində başlanmış, Soyuq Müharibədən sonrakı ən böyük struktur dəyişikliklərini əks etdirir. Almaniya ordusunu aşağı hazırlıqlı səfərbərlik qüvvəsi modelindən NATO-nun şərq cinahında yüksək hazırlıqlı regional qüvvə strukturuna çevirməyi hədəfləyir. Bu çərçivədə uzun illər diqqətdən kənarda qalmış uzaqmənzilli zərbə qabiliyyətinin yenidən qurulması kritik prioritetə çevrilib.
Mançinqdə keçirilən mərasim bu strateji yönümün konkret ifadəsi kimi dəyərləndirilir.
Sevinc Əliyeva
Ordu.az