Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
“Joğovurd” qəzetinin sorğusuna cavab olaraq nazirlik qeyd edib ki, “Veolia Su” şirkəti ilə bağlanmış icarə müqaviləsi və sazişlərdə müəyyən edilmiş müddəalara əsasən, Ermənistan hökuməti, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin Su Komitəsi timsalında şirkətlə 2024-cü ildən etibarən infrastrukturun modernləşdirilməsi işlərini birgə həyata keçirir və bu işlər 2031-ci ilədək davam edəcək.
Nazirliyin cavabında bildirilir ki, işlər “içməli su təchizatı sistemləri və xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına”, həmçinin “su itkilərinin azaldılmasına” yönəlib.
“Eyni zamanda, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi Makronla görüşlərdə “Veolia Su” ilə bağlı ictimai və institusional narahatlıqların müzakirə olunub-olunmadığı barədə məlumat verməyib. Bunun əvəzinə nazirlik bildirib ki, Fransa Prezidentinin Ermənistana səfəri ilə bağlı “Ermənistan hökuməti mətbuat açıqlamaları vasitəsilə müvafiq məlumat verib”, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi isə əlavə məlumatlara malik deyil.
Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunmuş məlumata görə, Emmanuel Makron mayın 3-dən 5-dək Ermənistanda olub”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, səfərin nəticələri ilə bağlı hökumətin yaydığı məlumatlarda “Veolia Su” şirkətinin fəaliyyət səmərəliliyi, su itkiləri və ya konsessiya müqaviləsinin icrasının qiymətləndirilməsi barədə ayrıca məlumat dərc olunmayıb.
“Bunun əvəzində Nikol Paşinyan və Emmanuel Makronun birgə bəyanatları zamanı Fransa Prezidenti su sektorunu Ermənistan-Fransa iqtisadi əməkdaşlığının bir hissəsi kimi təqdim edib və Fransa ilə “Veolia”nın iştirakı ilə Ermənistanda “su sektorunda iştirak etməklə” fəxr etdiyini bildirib.
Makron həmin bəyanatda su anbarlarının təşkili, Vedi su anbarının tikintisi, suvarma sistemlərinin bərpası və modernləşdirilməsini də xatırladıb, bunları Fransa İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən proqramlarla əlaqələndirib.
Mayın 5-də dərc olunmuş başqa bir məlumatda hökumət Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannamənin imzalandığını, eləcə də bir sıra sənədlərin mübadilə edildiyini bildirib. Onların sırasında Barquşat tunelinin tikintisi, ictimai siyasətin maliyyələşdirilməsi, əlçatan mənzillə təminat, müdafiə, yüksək texnoloji, təhsil və mədəniyyət sahələrinə dair sənədlər göstərilib. Lakin məlumatda “Veolia Su”nun fəaliyyəti və ya su təchizatı sistemindəki problemlərlə bağlı ayrıca sənədə toxunulmayıb”, - deyə nəşr bildirib.
“Joğovurd” qeyd edib ki, Ermənistan Baş naziri və Fransa Prezidentinin geniş tərkibli görüşü ilə bağlı məlumatda da əsas vurğu siyasi münasibətlərə, strateji tərəfdaşlığa, müdafiəyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığa və investisiyalara yönəlib.
“Makron qeyd edib ki, əməkdaşlığı “iqtisadi münasibətlər və investisiyalar sahəsində” də gücləndirmək lazımdır.
Beləliklə, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin cavabından və hökumətin yaydığı məlumatlardan aydın olur ki, dövlət səviyyəsində su sektoru Ermənistan-Fransa əməkdaşlığı kontekstində xatırlanıb. Lakin açıq mənbələrdə Makronun səfəri zamanı rəsmi şəkildə “Veolia Su”nun fəaliyyət səmərəliliyi, su itkiləri, müqavilə öhdəlikləri və ya mümkün nəzarət tədbirləri barədə müzakirə aparıldığına dair məlumat yoxdur.
Faktiki olaraq, nazirlik yalnız onu təsdiqləyir ki, hökumət və “Veolia Su” 2024-cü ildən etibarən 2031-ci ilədək modernləşdirmə işlərini birgə həyata keçirir, Makronun səfəri ilə bağlı isə əlavə məlumat vermir. Bu isə o deməkdir ki, ictimai əhəmiyyət daşıyan sual yəni fransız tərəfi ilə su təchizatı sistemində mövcud olan qalmaqallı problemlərin qaldırılıb-qaldırılmadığı məsələsi hələ də cavabsız qalır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az