“Past”: Nikol Paşinyan müdafiə naziri vəzifəsinə Rusiya vətəndaşını təyin edib?

2026/05/1779276359.jpg
Oxunub: 462     15:22     20 May 2026    
44 günlük müharibədə məğlubiyyətdən dərhal sonra Nikol Paşinyan Ermənistanın müdafiə nazirini dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, həmin vəzifəyə Paşinyanın baş müşaviri və yaxın adamı Vağarşak Harutyunyan təyin olunub.

Qəzet qeyd edir ki, Harutyunyan 2000-ci illərin əvvəllərində böyük qalmaqalla ordudan uzaqlaşdırılmış və general-leytenant rütbəsindən məhrum edilmişdi.

“Daha sonra Nikol Paşinyanın müdaxiləsi ilə 2019-cu ilin avqustunda ona ali hərbi rütbə yenidən qaytarılıb. Müdafiə naziri təyin olunmazdan əvvəl Vağarşak Harutyunyan Paşinyanın baş müşaviri vəzifəsini tutub və hərbi bloka rəhbərlik edib.

Hazırda isə o, Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınıb. Məlumatlara görə, Nikol Paşinyanın müdafiə naziri təyin etdiyi Vağarşak Harutyunyan vəzifəyə başladığı anda, eləcə də ehtimal ki, hazırda da xarici dövlətin, Rusiya Federasiyasının vətəndaşıdır.

Harutyunyan pasportu 2015-ci il iyulun 2-də Rostov vilayətinin Federal Miqrasiya Xidmətinin bölməsi tərəfindən alıb və Rusiya Federasiyası, Rostov vilayəti, Kamensk-Şaxtinski şəhəri, Puşkin küçəsi 28 ünvanında qeydiyyatdadır”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələblərinə görə Harutyunyanın pasport nömrəsi dərc olunmayıb.

“Ermənistan Konstitusiyasına əsasən, müdafiə naziri yalnız Ermənistan vətəndaşı olan və seçki hüququna malik şəxs təyin edilə bilər.

Paşinyan aşağıdakı suallara cavab verməlidir:

1. O, Vağarşak Harutyunyanın Rusiya vətəndaşı olduğunu bilirdimi və qəsdən Ermənistan Konstitusiyasını pozaraq xarici dövlət vətəndaşını müdafiə naziri təyin etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edibmi?

2. Paşinyan vəziyyətə kifayət qədər nəzarət etməyərək Ermənistan Silahlı Qüvvələri üçün ən məsul vəzifəyə xarici dövlət vətəndaşını təyin edib və ona ali hərbi rütbələr veribmi?

3. Mərkəzi Seçki Komissiyası necə olub ki, həftələr əvvəl Paşinyanın yaxın adamı olan və ehtimal ki, Rusiya vətəndaşlığına malik Vağarşak Harutyunyanı deputatlığa namizəd kimi qeydə alıb?

O, qarşıdakı seçkilərdə müxalifətin səslərini bölmək və “səsləri parçalamaq” rolunu oynaya bilər”, - deyə məqalədə bildirilib.

Qəzetin mənbələri, həmçinin qeyd edirlər ki, Vağarşak Harutyunyan ehtimal ki, nazir vəzifəsini tutarkən Rusiya vətəndaşlığına malik olan yeganə məmur olmayıb.

Nəşr xatırladıb ki, bir neçə ay əvvəl mətbuatda Nikol Paşinyanın doğma qardaşının da Rusiya Federasiyası vətəndaşlığına malik olması ilə bağlı məlumatlar yayılmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Harutyunyan   Ermənistan  


Bizi "telegram"da izləyin